Hər bir dövlətin quru və su əraziləri, hava məkanıdövlət ərazisi adlanır. Dövlətin su sərhədləri onun sahillərindən 12 dəniz mili (1 dəniz mili = 1852 m) məsafəsi qəbul olunur. Bu hissəyə məhəlli sular deyilir. Sahildən 200 milədək məsafədə yerləşən su akvatoriyası iqtisadi zona adlanır. İqtisadi zona bütün dövlətlər tərəfindən nəqliyyat-kommunikasiya məqsədləri üçün istifadə oluna bilər. Burada yerləşən təbii ehtiyatlar isə yalnız sahilyanı dövlətin ixtiyarında olur. 200 mildən kənarda yerləşən okean və dəniz suları neytral sular sayılır və bütün dövlətlərə açıqdır.
Ölkənin mövqeyi 3 səviyyədə və ya miqyasda qiymətləndirilə bilər: mikro, mezo və makro mövqe. Mikro mövqe – ölkənin qonşu ölkələrə nəzərən, mezo mövqe – regionda, makro mövqe isə bütün dünyadakı iqtisadi və siyasi mərkəzlərə nəzərən mövqeyidir.
Böyük Britaniyanın mikro siyasi-coğrafi mövqeyi | Böyük Britaniyanın mezo siyasi-coğrafi mövqeyi | Böyük Britaniyanın makro siyasi-coğrafi mövqeyi |
Ölkələrin geosiyasi mövqeyini, qlobal miqyasda dövlətlərarası əlaqələri siyasi coğrafiyanın qolu olan geosiyasət elmi öyrənir.
Müasir dünyada geosiyasi mövqeyə baxışlar xeyli dəyişmişdir. Xüsusilə hərbi qüvvə amilinin rolu və dövlətlərin böyüklüyünün əhəmiyyəti azalmaqdadır. Millətçilik və separatizm (ölkələri müxtəlif hissələrə bölmək siyasəti) siyasi sabitliyin pozulmasının əsas amilinə çevrilmişdir. “Marionet” hökumətlərin (güclü xarici dövlətin diktəsi ilə siyasət yürüdən, müstəqilliyi formal xarakter daşıyan dövlət) yaradılması və yeni iqtisadi imperializm siyasəti həyata keçirilir. Dövlətin iqtisadi qüdrəti dünya siyasətində mühüm amilə çevrilmişdir. Son illərdə planetimizdə qlobal pandemiya fonunda siyasi-iqtisadi hadisələr çox sürətlə inkişaf edir. Artıq bu hadisələr yalnız ayrı-ayrı ölkələri deyil, Avropa, həmçinin Mərkəzi, Şərqi və Cənub-Qərbi Asiyanı əhatə etmişdir. Bunların səbəbi böyük dövlətlərin (super güclərin) toqquşan maraqlarıdır. Bu proseslər dünyanın siyasi xəritəsində köklü dəyişikliklərə səbəb ola bilər.