Bu maraqlıdır!
Dünyanın 7 ölkəsində dəniz sahillərinin qurudulması işi geniş
miqyas almışdır. Bu ölkələrə ABŞ, Yaponiya, Çin, Sinqapur, BƏƏ,
Qatar və Niderland aiddir.
Süni ada. Çin, Honkonq
Siyasi proqnozlara görə, yaxın gələcəkdə dünyanın siyasi xəritəsi
böyük dəyişikliklərə məruz qalacaq. Buna səbəb ölkələr arasında
birləşmək istəyindən daha çox, etnik prinsiplər əsasında
dövlətlərin çoxaldılması meyillərinin hələ də üstün olmasıdır.
ÖYRƏNDİKLƏRİNİZİ
TƏTBİQ EDİN
Mətni oxuyun və suallara cavab verin.
XX əsrin 80-ci illərinin sonu və 90-cı illərinin əvvəli böyük siyasi dəyişikliklərlə yadda qalmışdır. 80-ci illərin sonunda Şərqi Avropada sosializmə qarşı
hərəkat başlandı. Bu, əvvəlcə Berlin divarlarının sökülməsi,
1990-cı ildə isə Almaniya Demokratik Respublikası (ADR) və
Almaniya Federativ Respublikasının (AFR) birləşməsi ilə başa
çatdı. Bu hadisələr bütün sosializm məkanına öz təsirini göstərdi.
Elə həmin vaxt SSRİ-nin tərkibində olan respublikalarda sosializm
və Rusiyanın müstəmləkəçilik siyasətinə qarşı çıxışlar başlandı.
Bu çıxışlar 1991-ci ildə Sovet Sosialist Respublikaları
İttifaqının (SSRİ) dağılması və onun yerində müstəqil dövlətlərin,
o cümlədən Azərbaycan Respublikasının yaranması ilə nəticələndi.
SSRİ-nin tərkibindən çıxan ölkələrin çoxu MDB təşkilatında
birləşdi. Müstəqillik əldə edən bu dövlətlərin hamısı dünya
ölkələri tərəfindən tanındı və BMT-yə daxil oldu. Müstəqillik əldə
etdikdən sonra Azərbaycan müxtəlif təşkilatlarla əməkdaşlıq etməyə
başladı və milli maraqlarımıza uyğun müqavilələr bağladı.
SSRİ-nin ardınca Yuqoslaviya Respublikası parçalandı. Onun
tərkibindən çıxan dövlətlər dünyanın və Avropanın müxtəlif siyasi
və iqtisadi təşkilatlarına qəbul edildi. Bu dövlətlərin bir çoxu
öz iqtisadiyyatını inkişaf etdirmək üçün Avropa İttifaqına üzv
oldu.
1. Mətndə kəmiyyət və keyfiyyət dəyişikliklərinə aid olan
hadisələri qruplaşdırın.
2. Mətndə verilən hansı hadisə dünya sosializm sisteminin
dağılmasının başlanğıcı oldu?
3. SSRİ-nin dağılması müstəqillik qazanan ölkələrin inkişafına
necə təsir etdi?