Orta əsrlər dövrü V–XV əsrləri əhatə edir. Bu dövrdə feodal dövlətlər üstünlük təşkil etmişdir. Kiyev Rus dövləti, Bizans, “Müqəddəs Roma imperiyası”, Osmanlı imperiyası, Portuqaliya, İspaniya, İngiltərə belə dövlətlərdəndir.
Yeni dövr XV–XVI əsrlərdə Böyük Coğrafi kəşflərdən XX əsrin əvvəllərinə qədər davam etmişdir. Bu dövr ərzində Avropa sivilizasiyası dövlətləri dəniz səyahətləri nəticəsində öz ərazilərini genişləndirmiş və çoxlu müstəmləkələrə sahib olmuşdur. Yeni dövr I Dünya müharibəsinin başlanması ilə sona çatmışdır.
Ən yeni dövr I Dünya müharibəsinin sonunda başlamış, indi də davam edir. Bu dövrdə dünya iri dövlətlər tərəfindən yenidən bölüşdürüldü və siyasi xəritədə əsaslı dəyişikliklər baş verdi. XX əsrdə baş verən çoxlu sayda mühüm siyasi hadisələr ən yeni dövrdə bir neçə yarımmərhələ ayırmağa imkan verir:
1. XX əsrin birinci yarısı (40-cı illərə qədər). Bu zaman baş verən əsas hadisələr I Dünya müharibəsi və Rusiyada oktyabr inqilabı idi. Bu hadisələr Avropanın siyasi xəritəsində sərhədlərin xeyli dəyişməsinə səbəb oldu.
2. XX əsrin 40–50-ci illərindən 1960-cı ilə qədər olan mərhələ. İkinci Dünya müharibəsi, sosializm sisteminin yaranması, Almaniyanın bölünməsi və s. hadisələr bu illərdə baş vermişdir.
XX əsrin 60–80-ci illərini əhatə edən mərhələ. Bu dövrdə müstəmləkə sistemi dağıldı. Asiya və Afrikanın əksər ölkələri siyasi müstəqillik əldə etdi. SSRİ və Qərb ölkələri arasında sürətlə silahlanma və “soyuq müharibə” siyasəti həyata keçirildi.
4. XX əsrin 90-cı illərindən indiyə qədərki dövr. Bu yarımmərhələdə sosializm sistemi, o cümlədən SSRİ dağıldı və onun yerində 15 müstəqil dövlət yarandı. Onların çoxu (Baltikyanı ölkələr və Gürcüstandan başqa) MDB-də (Müstəqil Dövlətlər Birliyi) birləşdi, sonra Çexoslovakiya iki ölkəyə, Yuqoslaviya isə 6 dövlətə bölündü. Hazırda dünyanın siyasi xəritəsində cəmi 5 sosialist dövləti qalmışdır: Çin, Kuba, Vyetnam, Koreya Xalq Demokratik Respublikası (KXDR) və Laos.