Dünya əhalisinin 70%-i quru sahəsinin cəmi 7%-ni tutan ərazidə yaşayaraq yarımkürələr, materiklər, regionlar və ölkələr üzrə qeyri-bərabər paylanmışdır. Əhali, əsasən, Şimal (Şimal – 90%, Cənub – 10%) və Şərq (Şərq – 85%, Qərb – 15%) yarımkürələrində yaşayır.
Əhalinin yerləşməsinin əsas göstəricisi əhali sıxlığıdır. Əhali sayının ərazi sahəsinə nisbətinə əhalinin sıxlığı deyilir. Yer kürəsində əhalinin orta sıxlığı 1 km2-də 59 nəfər (2022-ci il) təşkil edir. Əhalinin sıxlığına görə ayrı-ayrı ölkələr arasında daha böyük fərqlər müşahidə olunur. Banqladeş, Koreya, Niderland, Hindistan, Belçika yüksək əhali sıxlığı olan ölkələrə aiddir. Əhalinin sıxlığı region və ölkələr üzrə fərqli olduğu kimi, bir ölkə daxilində də kəskin fərqlənə bilər. Məsələn, Avstraliya əhalisinin 91%-i onun ərazisinin cəmi 10%-ni tutan cənub-şərq və cənub-qərb regionlarında cəmlənmişdir.
Əhalinin yerləşməsinə və sıxlığına təsir edən amillərə daxildir:
1) dənizdən uzaqlıq; 2) ərazinin mütləq hündürlüyü; 3) relyef; 4) iqlim;
5) məskunlaşma tarixi; 6) təbii artım; 7) sənayenin inkişafı.
Dünya əhalisinin yarıdan çoxu dəniz və okeanların 200 km-lik sahil zolağında toplanmışdır. Ovalıq və yüksəklik ərazilərdə okean səviyyəsindən 500 m-ə qədər hündürlüklərdə dünya əhalisinin 80%-i yerləşir.
Əhali ekstremal, yəni əlverişsiz təbii şəraitə malik regionlarda seyrək məskunlaşmışdır. Arid iqlimə malik ərazilərdə rütubət çatışmazlığı, qütbətrafı və yüksək dağlıq sahələrdə orta illik temperaturun aşağı olması, ekvatorial meşələr zonasında ifrat rütubətlənmə həmin ərazilərdə əhalinin zəif məskunlaşmasına səbəb olur. Müasir dövrdə bəzi ölkələrdə ekstremal ərazilərin təbii ehtiyatları mənimsənilməyə başlanmışdır. Bununla əlaqədar olaraq belə ərazilərdə insanlar məskunlaşmaqdadır. Ekstremal ərazilərdə çalışan insanlara yüksək əməkhaqqı təklif olunur. Bu, əhalinin yerləşməsində sənaye amilinin rolunun artdığını göstərir.