Hər bir ölkə coğrafi xüsusiyyətlərinə görə bir-birindən fərqlənən, yaxud oxşar ərazilərdən ibarətdir. Bu ərazilər iqlimin, relyefin, geoloji quruluşun, təbii landşaftların oxşarlığına görə qruplaşdırılır və xüsusi ərazi vahidlərinə – rayonlara ayrılır. Bu, fiziki-coğrafi rayonlaşdırma adlanır. Rayonlaşdırma aşağıdakı vahidlər üzrə aparılır: ölkə, vilayət, yarımvilayət, rayon. Bu bölgü vahidləri siyasi-inzibati bölgü ilə əlaqəsi olmayan və müəyyən təbii sərhədlər daxilində yerləşən ərazilərdir.
Azərbaycanın ərazisi 2 fiziki-coğrafi ölkənin – Qafqaz və Ön Asiya ölkələrinin daxilində yerləşir. Bu fiziki-coğrafi ölkələr daxilində 5 fiziki-coğrafi vilayət ayrılır: Böyük Qafqaz, Kiçik Qafqaz, Kür dağarası çökəkliyi, Lənkəran (Qafqaz ölkəsi) və Orta Araz (Ön Asiya ölkəsi). Vilayətlər (Orta Araz və Lənkərandan başqa) yarımvilayətlərə bölünür. Vilayət və yarımvilayətlərin daxilində isə 19 fiziki-coğrafi rayon ayrılır.
Böyük Qafqaz vilayəti Azərbaycanın şimal-şərq hissəsini əhatə edir. Bu vilayət Xəzər sahillərindən mütləq yüksəkliyi 4466 m olan Bazardüzü zirvəsinə qədər ucalır. Əsas hissəsini Baş Qafqaz silsiləsi tutur. Vilayət zəngin faydalı qazıntı yataqlarına (neft, təbii qaz, yanar şist, polimetal və s.) və mineral su mənbələrinə malikdir.
Yüksək və orta dağlıq zonalarda Mezozoy, alçaq dağlıqda və düzənliklərdə isə Kaynozoy erasının süxurları geniş yayılmışdır. Böyük Qafqazın cənub və cənub-şərq yamacı 8–9 ballıq zəlzələ zonasına (Şamaxı) aiddir. Palçıq vulkanlarının əksəriyyəti bu vilayətdədir.
Fiziki-coğrafi rayonlar
Təbii xüsusiyyətləri
|
Samur– Dəvəçi | Qonaqkənd | Zaqatala– Lahıc | Dağlıq Şirvan | Abşeron– Qobustan |
Relyef formaları | |||||
Süxurların geoloji yaşı | |||||
Faydalı qazıntıları, mineral suları |
Böyük Qafqaz təbii vilayətində düzənliklərdən yüksək dağlığa doğru yarımsəhra və quru çöl iqlimindən başlayaraq dağ-tundra iqliminə qədər bütün iqlim tipləri yayılmışdır. Orta illik temperatur +14°C ilə 0°C arasında, yağıntıların orta illik miqdarı isə 100 mm – 1600 mm arasında dəyişir.