Azərbaycan ərazisi nisbətən kiçik olsa da, zəngin bioloji müxtəlifliyə malikdir. Lakin insanın təsərrüfat fəaliyyəti nəticəsində bir çox qiymətli bitki və heyvan növlərinin kökü kəsilmiş, bəzilərininki isə kəsilmək üzrədir. Bu məqsədlə də Azərbaycan Respublikasının “Qırmızı kitab”ı yaradılmışdır. “Qırmızı kitab” – Azərbaycan ərazisində nadir və nəsli kəsilməkdə olan heyvan və bitki növləri haqqında məlumatları əks etdirən rəsmi dövlət sənədidir. Adı bu kitabda olan fauna və flora növlərini mühafizə etmək məqsədilə ölkə ərazisində milli parklar, dövlət təbiət qoruqları, dövlət təbiət yasaqlıqları yaradılmışdır.
Qoruqlarda bütün təbii komponentlər qorunur. Qoruq ərazisinə, əsasən, elmi tədqiqatlar aparmaq məqsədi üçün girişə icazə verilir.
Milli parklar təbii landşaftların ən mühüm mühafizə formalarından biridir. Qoruqlardan fərqli olaraq milli parkların xüsusi ərazilərində insanların gəzintisinə və istirahətinə icazə verilir.
Azərbaycanın Naxçıvan ərazisində – akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı, Cənub-Şərqi Şirvan düzündə – Şirvan Milli Parkı, Talış dağlarının ətəklərində isə Hirkan Milli Parkı yaradılmışdır. Ölkəmizin sahəsinə görə ən böyük milli parkı Şahdağ turizmin inkişafı baxımından böyük əhəmiyyət kəsb edir. Hirkan, Şirvan, Ağgöl, Göygöl və Altıağac Milli Parklarında eyniadlı qoruqlar fəaliyyət göstərir.
İşğaldan azad edilmiş Bəsitçay və Qaragöl qoruqları dağıntılara məruz qaldığı üçün yenidən bərpa olunurlar.
Yasaqlıqlarda qoruq və milli parklardan fərqli olaraq yalnız bir neçə təbii komponent qorunur. Burada bir sıra təsərrüfat işlərinin həyata keçirilməsinə icazə verilir. Şəki və Qusar yasaqlıqlarında meşə landşaftı, ov əhəmiyyətli məməli heyvanlar və quşlar qorunur. Zuvand yasaqlığı Lerik və Yardımlı rayonları ərazisində təşkil edilmişdir. Arpaçay yasaqlığında təbii landşaft və tarixi abidələr mühafizə olunur. Kürətrafı tuqay meşələri və onun faunasının qorunması məqsədilə də bir sıra yasaqlıqlar yaradılmışdır. Kiçik Qızılağac, Hirkan, Gil yasaqlıqlarında köçəri su-bataqlıq və çöl quşları qorunur. Bəndovan və Korçay yasaqlıqlarında isə ceyranlar, su quşları qorunur və çoxaldılır.
Qoruqlar | Yerləşdiyi ərazilər | Mühafizə olunan təbii komponentlər |
Zaqatala (I) | Böyük Qafqazın cənub yamacı | Meşə və dağ-çəmən landşaftı nadir faunası ilə |
İlisu (II) | Böyük Qafqazın cənub yamacı | Böyük Qafqazın cənub yamacının təbii kompleksi, nadir fauna və florası |
Qarayazı (III) | Kür çayının sahili | Kürboyu tuqay meşələri |