Xəzərdə daxili hövzələrin heç birində olmayan suiti yaşayır. Sahilboyu qamışlıqlara vağ, qu quşu, flaminqo, sultantoyuğu, ördək, qaşqaldaq və s. su quşları qışlamağa gəlir. Xəzərin flora və faunasını qorumaq üçün sahilboyunda qoruq və milli parklar yaradılmışdır. Bunlara Qızılağac, Şirvan, Abşeron, Samur–Yalama milli parkları daxildir.
Xəzərin sahilboyu zonaları rekreasiya ehtiyatları ilə zəngindir. Abşeron yarımadası sahilləri, Giləzi–Zarat, Nabran–Yalama və Lənkəran, Rusiyanın Dağıstan sahillərində bu ehtiyatlardan geniş istifadə edilir.
Xəzərin ehtiyatlarının mənimsənilməsi sahilboyu regionlarda bir çox iqtisadi, sosial və ekoloji problemlərin həllinə kömək edə bilər. Xəzərin suyunun şirinləşdirilməsi, külək enerjisindən istifadə böyük iqtisadi əhəmiyyətə malikdir. Xəzər sahillərində iqtisadiyyatın inkişafı ciddi ekoloji problemlərin də meydana çıxmasına səbəb olur. Bu problemlərin həlli yalnız Xəzərsahili dövlətlərin birgə səyi nəticəsində mümkündür.