Xəzər gölünü böyüklüyünə və hidroloji xüsusiyyətlərinə görə dəniz adlandırırlar. Xəzər dənizinin sahəsi 380 min km²-dir (sahəsi dəyişkəndir). Orta dərinliyi 184 m, maksimum dərinliyi 1025 m-dir (Lənkəran çökəkliyi). Tarixi mənbələrdə Xəzərin 70-ə qədər adı olmuşdur (Xvalın, Bakı, Gürgan, Dərbənd, Ağ dəniz, Lənkəran dənizi, Mazandaran və s.). Avropa və Şərq ölkələrində onu Kaspi, Azərbaycanda isə Xəzər adlandırırlar. Adların əksəriyyəti qədim zamanlarda dənizin sahillərində yaşamış tayfaların adları ilə bağlıdır.
Xəzər dənizi qədim Lavrasiya və Qondvana arasında yerləşən Tetis okeanının qalığıdır. 10 mln. il əvvələ qədər Qara və Xəzər dənizlərinin yerində nəhəng Sarmat dənizi mövcud idi. Sonralar Böyük və Kiçik Qafqaz dağlarının qalxması nəticəsində Xəzər qapalı su hövzəsinə çevrildi. Xəzər dənizi meridian boyunca S hərfi formasında uzanaraq təqribən 47° şm.e. və 36° şm.e. arasında yerləşir. Onun suları 5 dövlətin sahillərini yuyur. Azərbaycanda Xəzərin sahil xəttinin uzunluğu 825 km-dir. Ən uzun sahil xətti Qazaxıstana məxsusdur.
Ölkələr Coğrafi obyektlər |
Rusiya | Azərbaycan | Qazaxıstan | Türkmənistan | İran |
Yarımadalar | |||||
Adalar | |||||
Körfəzlər |
Təbiətinin müxtəlifliyinə görə Xəzər üç hissəyə bölünür: 1. Şimal – 44° şm.e.-nə qədər. 2. Mərkəz – 44° şm.e. ilə 40° şm.e.-nin arası. 3. Cənub – 40° şm.e.-dən cənuba.
Bu hissələr dənizin dib relyefinə və suyunun fiziki-kimyəvi xüsusiyyətlərinə görə bir-birindən fərqlənir. Gölün təbiətinə təsir edən ən mühüm amil onun mülayim və subtropik qurşaqlarda yerləşməsidir. Xəzərə daxil olan arktik, mülayim, tropik hava kütlələri suyun temperaturunun, duzluluğunun qeyri-bərabər paylanmasına səbəb olur.
Suyun temperaturu qış aylarında şimalda 0°C–5°C, mərkəzdə 5°C–10°C, cənubda 10°C–12°C olur. Yay temperaturu isə şimalda 20°C–25°C, mərkəzdə 23°C–26°C, cənubda isə 25°C–28°C arasında dəyişir. Şimal hissə qışda buz bağlayır. Xəzərdə duzluluq şimalda 1–2‰, mərkəzdə 5–10‰, cənubda isə 10–13,5‰-yə qədər artır.