ÖYRƏNDİKLƏRİNİZİ
TƏTBİQ EDİN
Mətni oxuyun və suallara cavab verin.
Britaniya alimlərinin apardıqları tədqiqatlar nəticəsində Afrikada, xüsusilə Liviya, Əlcəzair və
Çadda nəhəng yeraltı su ehtiyatlarının olduğu aşkar edilmişdir. Onların həcmi səth sularından
100 dəfə çoxdur və bu ölkələrin səthini 75 m qalınlığında su layı ilə örtə biləcək miqdardadır.
Afrikada tez-tez quraqlıqlar baş verir və kənd təsərrüfatında suvarma tələb olunur. Tədqiqatçılar
bütün Afrikanın yeraltı su ehtiyatlarının xəritəsini tərtib etmişlər. Bu xəritə göstərir ki,
suyun heç çatışmadığı bir çox Afrika ölkələri, əslində, böyük su ehtiyatlarına malikdir. Bu
ehtiyatlar əhalinin suya olan tələbatını tam ödəyə bilər. Lakin alimlər tələsməməyi, yalnız kiçik
quyuların qazılması ilə kifayətlənməyi tövsiyə edirlər. Əhalinin suya olan tələbatı isə getdikcə
artır və proqnozlara görə, yaxın gələcəkdə böhran həddinə çata bilər.
1.
Afrikada suya tələbatın digər qitələrə nisbətən daha çox olması nə ilə əlaqədardır?
2.
Afrikanın quraq materik olmasına baxmayaraq böyük yeraltı su ehtiyatlarına malik olmasını
nə ilə izah etmək olar?
3.
Nə üçün alimlər yalnız kiçik quyular qazaraq hələlik yeraltı sulardan az miqdarda istifadə
etməyi məsləhət görürlər?
4.
Yeraltı su ehtiyatlarının çox olduğu başqa hansı əraziləri tanıyırsınız? Burada yeraltı su ehtiyatlarının
yaranmasının səbəbləri nədir?
ÖYRƏNDİKLƏRİNİZİ
YOXLAYIN
1. Doğru olan ifadələri seçin:
a. Yeraltı suların yaranmasına süxurların tərkibi və iqlim təsir edir.
b. Suyadavamlı layların əyilmiş formada yatımında artezian suları fəvvarə şəklində çıxır.
c. Vulkanik süxurların olduğu Kiçik Qafqazda çoxlu yeraltı su ehtiyatları vardır.
d. Artezian suları yalnız sukeçirməyən laydakı çatlardan keçərək yaranır.
e. Çayların sahilində qrunt sularının səviyyəsi aşağı olur.
f. Bulaqlar və ya çeşmələr dağların zirvələrində fəvvarə şəklində çıxan layarası sulardır.
2. Mətndə verilən yeraltı suların sxemlərinə əsasən qrunt və layarası suları müqayisə edin.
3. Verilən plan üzrə qısa təqdimat hazırlayın:
a. Azərbaycanda şoran torpaqların yayıldığı əraziləri müəyyənləşdirin.
b. Bu ərazilərdə şoranlıqların yaranma səbəblərini qruplaşdırın.
c. Şoranlıqlara qarşı mübarizəyə dair tədbirləri qeyd edin. Sizin fikrinizcə, daha hansı tədbirləri həyata
keçirmək mümkündür?
DƏRSDƏN SONRA
Dünyada məşhur mineral bulaqların və onların yerləşdiyi ölkələrin siyahısını
hazırlayın. Bu suların əsasında fəaliyyət göstərən kurort-müalicə komplekslərindən
biri haqqında qısa təqdimat hazırlayın.