Dünyada ən böyük artezian hövzələri Qərbi Sibir, Böyük Artezian hövzəsi (Avstraliya), Böyük Səhra, Mərkəzi Asiya və s. ərazilərdədir. Azərbaycan ərazisində də yeraltı sular qeyri-bərabər paylanmışdır. Dağlıq və onlara yaxın yerləşən düzən ərazilərdə içməli yeraltı sular daha çoxdur. Quraq iqlimə malik olan ərazilərdə yeraltı sular azdır və ya duzludur.
Kür-Araz ovalığında qrunt suları 1–5 m dərinlikdə yerləşir. Bu sular yüksək dərəcədə minerallaşmış olduğundan istifadə üçün yararsızdır. Beton örtüksüz tikilən suvarma kanalları və su anbarlarından sızan sular ovalığın çökək ərazilərində toplanaraq qrunt sularının səviyyəsinin qalxmasına, şoranlıq və bataqlıqların yaranmasına səbəb olur. Suvarmanın düzgün aparılmaması da bu prosesi gücləndirir. Şoranlaşmanın qarşısını almaq üçün düzən ərazilərdə kollektor-drenaj şəbəkəsi qurulmuşdur.
Kollektor (с) qrunt sularının səviyyəsini aşağı salmaq üçün qazılan kanallar və ya hidrotexniki qurğulardır. Drenajlar yeraltı suları kollektora axıtmaq üçün çəkilən nisbətən kiçik hidrotexniki qurğulardır. Kür-Araz ovalığından keçən Baş Şirvan, Baş Mil-Qarabağ və Baş Mil-Muğan kollektorları vasitəsilə minerallaşmış qrunt suları Xəzər dənizinə axıdılır. Ölkəmizdə kollektor və drenaj şəbəkəsinin təkmilləşdirilməsinə və genişləndirilməsinə böyük ehtiyac var.
İstifadə üçün daha yararlı qrunt suları Qusar maili düzənliyi, Qanıx–Əyriçay, Lənkəran ovalığı və dağətəyi ərazilərdədir. Artezian suları isə daha çox Kür-Araz ovalığında yerləşir (Qafqazda ən böyük artezian hövzəsi). Bəzi düzənlik ərazilərdə qrunt sularının səthə yaxın yerləşməsi meşə landşaftının formalaşmasına səbəb olmuşdur.
Qrunt və layarası sular böyük iqtisadi əhəmiyyətə malikdir. Onlar içməli su təminatı, suvarma və s. məqsədlər üçün istifadə edilir.