Bataqlıqlar qidalanmasına və bitki örtüyünə görə 2 tipə bölünür: alt və üst. Alt bataqlıqlar keçmiş göllərin və çay dərələrinin yerində yaranır. Onlar, əsasən, mineral tərkibli qrunt suları ilə qidalanır, çünki sukeçirən süxurların üzərində yerləşir. Alt bataqlıqlarda torfun qalınlığı az olur (1–1,5 m) və əsasən, meşə və meşə-çöl zonalarında yerləşir. Üst bataqlıqlar hamar relyefə malik suayırıcılarda yaranır və əsasən, atmosfer yağıntıları ilə qidalanır. Onlar sukeçirməyən süxur qatı üzərində formalaşır. Torfun qalınlığı 6–10 m təşkil edir. Belə bataqlıqlara tundra, meşə-tundra, tayqa zonalarında rast gəlinir.
Bataqlıqlar da buzlaqlar kimi mühüm təsərrüfat əhəmiyyətinə malikdir. Üst bataqlıqların sahələri qurudularaq torf əldə edilir və yanacaq kimi işlədilir. Alt bataqlıqların torfundan üzvi gübrə kimi istifadə olunur. Bu səbəbdən alt bataqlıqlar qismən qurudularaq münbit əkin sahələrinə çevrilir. Bataqlığın bir hissəsi təbiətdə ekoloji sistemi qorumaq üçün təbii halda saxlanılır. Bataqlıqlar ərazinin havasını rütubətləndirir, müxtəlif qiymətli bitki və heyvan növlərinin yayılmasına imkan verir, eyni zamanda çaylar üçün qida mənbəyidir.