Quruda buzlaqlar dağ və materik (örtük) buzlaqlarına bölünür. Dağ buzlaqları qar xəttindən yuxarıda yerləşən zirvələrdə, yamaclarda və dağarası çökəkliklərdə yaranır. Ən böyük dağ buzlaqları Alyaskada, Himalay, Hindiquş, Pamir və Tyan-Şan dağlarındadır.
Dağ buzlaqları yamacboyu hərəkət edərək müxtəlif relyef formaları yaradır.
Materik (örtük) buzlaqları böyük əraziləri əhatə edir və daha qalın olması ilə fərqlənir. Bu buzlaqlar qar xəttinin 0 m-ə yaxın olduğu ərazilərdə – Antarktida, Qrenlandiya və bəzi qütbətrafı adalarda yayılmışdır. Antarktidada buz örtüyünün orta qalınlığı 2000 m-ə çatır. Materik (örtük) buzlaqları günbəzvarı və ya qalxanvarı formaya malik olur. Toplanan buz qatı öz ağırlığı nəticəsində kənarlara doğru hərəkət edir və qırılaraq dənizə düşür. Nəticədə üzən buz dağları – aysberqlər yaranır. Aysberqlərin uzunluğu 100 km və ondan da çox ola bilər. Onların hündürlüyü, adətən, 35– 50 m olur.
Qar xətti | Dağlar |
Qar xəttinin yüksək olduğu dağlar | |
Qar xəttinin nisbətən alçaqdan keçdiyi dağlar | |
Zirvələri qar xəttindən aşağıda yerləşən dağlar |
Buzlaqların böyük iqtisadi əhəmiyyəti vardır. Dağ buzlaqları müxtəlif çayları qidalandırır. Bir çox ölkələrdə su qıtlığı probleminin həll olunmasında buzlaqlardan istifadə edilir. Aysberqlərin yedək gəmiləri vasitəsilə isti ölkələrə gətirilməsi layihələri mövcuddur. Hesablamalara görə, bu layihə dəniz suyunun şirinləşdirilməsindən xeyli ucuz başa gəlir. Qrenlandiyada buzlaq suları ilə işləyən elektrik stansiyaları fəaliyyət göstərir.