Bakterial xəstəliklər
MBakteriyaların törətdiyi xəstəliklər ən çox yayılmış infeksion xəstəliklərdən sayılır. Bakteriyaların törətdiyi xəstəlikləri xatırlayın.
Qrip və angina, vərəm və qızılca xəstəliklərini yada salın, onları törədənlər eyni mikroorqanizmlərdirmi?
Cədvəli dəftərinizə çəkib doldurun və fikirlərinizi şərh edin.
Bakterial xəstəliklərin sayı çoxdur: angina, faringit, meningit (faringiti virus, meningiti isə virus və birhüceyrəlilər də törədə bilir), skarlatina, tetanus, taun, vəba, sibir xorası, difteriya, vərəm, qarın yatalağı və s.
Bakterial infeksiyalardan yaranan xəstəliklərin inkişafı zamanı bakteriyalar orqanizmdə iltihab reaksiyası doğuran və intoksikasiyaya (zəhərlənməyə) səbəb olan zəhər (toksinlər) ifraz edir, bununla da müxtəlif orqanları zədələyir. Toksinlər iki cür olur: endotoksinlər və ekzotoksinlər. Endotoksinlər bakteriya hüceyrələrinin məhv olmasından və dağılmasından sonra ifraz olunan zəhərdir. Ən təhlükəli endotoksin meningit xəstəliyi zamanı əmələ gələn meninqokokk endotoksinidir. Ekzotoksinlər bakteriyaların həyat fəaliyyəti prosesində ayrılan zəhərdir.
Bakterial xəstəliklərin diaqnostikasında əsas metod bakterioloji müayinədir ki, bu zaman xəstədən tərkibində bakteriya olan material götürülür və xüsusi qida mühitində əkilir. Bakteriyaların artımından sonra (təxminən 48 saat) həmin bakteriyaların növü müəyyən olunur. Bu metodun əhəmiyyəti ondan ibarətdir ki, bakteriyaların konkret növünü müəyyən etdikdən sonra müvafiq antibiotik seçmək və müalicəyə başlamaq olar. Bundan başqa, bakterial infeksiyaların diaqnostikası üçün bakteriyaların mikroskopik tədqiqatından və qanda müəyyən bakteriya növünə uyğun antitellərin olmasını müəyyən edən seroloji üsuldan* istifadə olunur.