Əksər çoxhüceyrəli heyvanlarda qida maddələrini mənimsəmək üçün həzm orqanları birləşib həzm sistemini əmələ gətirir. Qida maddələri bu sistemə kənardan daxil olur, burada həzm olunur və qalıqları xaricə atılır.
Həzm zamanı qida maddələri fiziki və kimyəvi cəhətdən dəyişikliyə uğrayır və onların əksəriyyəti kiçik hissəciklərə parçalanır ki, hüceyrə membranından keçə bilsin. Bu cür dəyişikliklər mexaniki və kimyəvi həzm prosesi vasitəsilə baş verir.
Mexaniki həzm qida maddələrinin fiziki cəhətdən dəyişikliyə uğraması - isladılması və xırdalanmasıdır. Xərçəngin mədəsinin böyük hissəsi, məməlilərdə dişlər, quşlarda mədənin əzələli şöbəsi və s. orqanlar buna xidmət edir. Bu prosesdə fermentlərin, demək olar ki, heç bir fəaliyyəti olmur.
Kimyəvi həzm molekulları iri olan maddələrin fermentlərin təsiri ilə kimyəvi çevrilməyə uğramasıdır. Kimyəvi həzmin üç forması mövcuddur.