Hazırda insanların əksəriyyəti şəhərlərdə yaşayır. Kəndlər də şəhər yaşayış səviyyəsi normalarına uyğun abadlaşdırılır. Evlərin kanalizasiya və istilik sistemləri, isti və soyuq su ilə təchizatı, məişət və ticarət obyektlərinin yaşayış yerlərinə yaxın olması, məişət texnikalarının hər məqamda köməyə çatması insanların fiziki işlə az məşğul olmasına, bu da özlüyündə passivliyə və azhərəkətliliyə gətirib çıxarır. Bütün bunlar bir çox xəstəliklərin yaranmasına səbəb olur.
Bilirsiniz ki, ürəkdən vurulan qan damarlarla bütün hüceyrələrə çatdırılır. Ürəkdən axan qanın sürəti kapilyarlarda hədsiz aşağı düşür. Onu geri qaytarmaq isə skelet əzələlərinin yığılması sayəsində mümkün olur. Əgər əzələlər fəaliyyətdən qalarsa və ya fəallıqları azalarsa, hüceyrə və toxumalar üçün oksigen aclığı, qida çatışmazlığı yaranar. Maddələr mübadiləsinin son məhsullarının toxuma və orqanlardan kənarlaşması prosesi hüceyrə və toxumaların qanla təchizatında problem yarandığı zaman pozulur. Bu da orqanların iş qabiliyyətinin azalmasına, nəticədə isə xəstəliklərə səbəb olur. Belə hallarda arterial təzyiq artmağa başlayır. Bəzən qan damarlarının divarlarında yağabənzər maddə - xolesterin yığılır. Damarların divarında yığılan bu maddə onların mənfəzini daraldır və ateroskleroz xəstəliyinə səbəb olur. Bu xəstəlik çox vaxt ürəyin tac damarlarını zədələyir.
Fiziki işin yoxluğu insan ömrünü 4 il azaldır. Fiziki işlə məşğul olmamaq ürək xəstəlikləri və insult riskini iki dəfə artırır.
Ancaq insanlarda rast gəlinən ürək-damar xəstəliklərini (stenokardiya, miokard infarktı, insult və s.) yalnız hərəkət fəallığının azalması ilə əlaqələndirmək olmaz. Sinir gərginliyi, bədən çəkisinin artması, bədənin nikotin və alkoqolla tədricən zəhərlənməsi və s. də buna səbəb olur.
Hər bir insan öz əzələlərinin işləməsinin qayğısına qalmalıdır.
Aktiv həyat tərzi keçirən insanlarda tez qocalma və artıq çəki problemləri çox azalır.