Cəmiyyətdə baş verən münaqişələr də insanın ali sinir fəaliyyətinə təsirsiz qalmır. Uşaqların sinir sistemi tam formalaşmadığı üçün belə hallar onlara daha çox təsir edir.
Bu dəyişikliklər böyük beyin yarımkürələri qabığında gedən oyanma və tormozlanma proseslərini pozur. Nəticədə insanda yuxunun və şərti reflekslərin pozulması, yaddaşın zəifləməsi və s. baş verir. Əgər bu dəyişkənliyi yaradan səbəblər vaxtında aradan qaldırılarsa, insan yaşadığı mühiti dəyişərsə, öz istirahətini təmin edərsə, bu proseslər bərpa oluna bilər. Bəzən uzun müddət baş verən dəyişiklikləri həkim müdaxiləsi olmadan aradan qaldırmaq mümkün olmur.
İnsanın ali sinir fəaliyyətinin pozulmasına səbəb olan amillərə alkoqol, nikotin, narkotiklər də aiddir. Alkoqol qəbul olunduqdan iki dəqiqə sonra qana keçir. Qan vasitəsilə bütün orqanlara, o cümlədən baş beyinin böyük yarımkürələrinin qabıq hüceyrələrinə çatdırılır. Bu da insanın davranışında ciddi mənfi dəyişikliklər yaradır.