Qidalanma formalarına görə canlıları, əsasən, 2 qrupa ayırırlar. Bu qruplar
da hər biri özlüyündə iki qrupa bölünür.
Təbiətdə bəzi canlılar həm avtotrof, həm heterotrof yolla qidalana bilir. Belə qidalanma forması
miksotrof adlanır (yaşıl evqlena, nepentes, milçəktutan və s.).
Fotosintezedicilər xlorofilə malik olan canlılardır. Onların əksəriyyəti karbon qazı və
sudan istifadə
edərək işığın təsiri ilə üzvi maddə hazırlayır. Bu yolla qidalanan canlılara bəzi bakteriyalar, yaşıl
evqlena, volvoks kimi heyvanlar və bitkilərin əksəriyyəti aiddir.
Xemosintezedicilər bakteriyalardır. Bunlar kimyəvi reaksiyalar zamanı ayrılan
enerjidən istifadə edərək qeyri-üzvi maddələrdən üzvi maddələr sintez edir.
Saprofitlər hazır üzvi maddələrlə qidalanır, ancaq canlılara ziyan vermir. Bu cür qidalanmaya bakteriya və göbələklərdə daha çox rast gəlinir.
Parazitlər canlı orqanizmlərdə yaşayır. Onlar sahib orqanizmdə qidalanır, ifrazat məhsullarını oraya xaric edir və xəstəlik törədir. Belə qidalanma üsuluna bakteriyalarda, göbələklərdə, bitki və heyvanlarda rast gəlinir. Viruslar da canlı orqanizmlərdə parazitlik edir.