İnsan orqanizminə su onu içərkən və qidanın tərkibində daxil olur. Su orqanizmdən qida qalıqları ilə qarışaraq nəcis, sidik, hava və tər vasitəsilə xaric edilir. Beləliklə, orqanizmdə su mübadiləsi və onunla birlikdə digər maddələr mübadiləsi baş verir. Su orqanizmdə maye və buxar şəklində ola bilər. Canlı orqanizmlər susuz yaşaya bilmir. Suyun təsir gücü onun dövranından, paylanma formasından və atmosferin tərkibində buxarlanmanın dərəcəsindən asılıdır. Biosferdə su mühüm rol oynayır, iqlimi formalaşdırır, fotosintez zamanı fotolizə uğrayır, OH- və H+ ionlarına parçalanır, üzvi maddə sintezində əsas rol oynayır. Su mühitində canlıların sağlamlığını qorumaq üçün müxtəlif proseslər gedir. İnsan orqanizmində gedən biofiziki və biokimyəvi proseslərdə su çox həyati prosesləri tənzimləyir.
Sağlamlıq üçün suyun keyfiyyəti vacib şərtlərdən biridir. Suyun keyfiyyəti dedikdə onun müəyyən məqsəd üçün yararlı olması başa düşülür. Suyun çirklənmə dərəcəsi onun kimyəvi tərkibinin dəyişməsi, insan sağlamlığı üçün zərərli olması və xəstəlik törətmə qabiliyyətinə malik olmasıdır. Yerüstü və yeraltı suların çirklənməsinin əsas səbəbi məişət, sənaye və kənd təsərrüfatından gələn təmizlənməmiş çirkab sularının axıdılmasıdır. Suların çirklənməsi nəticəsində onun mineral, üzvi, bakterioloji və bioloji tərkibi dəyişərək canlılar üçün təhlükə törədir.
İşıq. Canlı varlıq kimi insanın da yaşaması günəşdən asılıdır. Günəş şüası görmə analizatoru vasitəsilə insanı məkanda istiqamətləndirir, mərkəzi sinir sisteminin vəziyyətinə təsir göstərir. İşıq orqanizmdə fotokimyəvi proseslərə, həyatın sutkalıq ritminə, maddələr mübadiləsinə və s. təsir göstərir. Günəşin ultrabənövşəyi şüaları insanın endokrin vəzilərinin fəaliyyətini gücləndirir. Günəş radiasiyasının çoxluğu və azlığı sağlamlığa mənfi təsir göstərir. İşıq çatışmazlığı insanlarda vərəm və ürək-damar xəstəliklərinin müalicəsini çətinləşdirir. Günəş radiasiyasının çoxluğu insanda immunitet zəifliyi, bədxassəli şişlərin yaranması təhlükəsini artırır. İstilik, rütubət və işığın əmələ gətirdiyi müxtəlif birləşmələr hava axınına, atmosfer təzyiqinə, elektrik hadisələrinə səbəb olur. Bu hadisələr hava amilləri vasitəsilə canlı orqanizmə təsir göstərir.
Müəyyən olunmuşdur ki, insan üçün ən əlverişli şərait havanın 40-60 % rütubətliliyə, 18-20°C temperatura malik olduqda mümkündür. Təmiz havada kifayət qədər oksigen olması isə insanda şən əhvali-ruhiyyə, fəal iş qabiliyyəti yaradır.
Hava insana həm hərtərəfli, həm də ayrı-ayrı komponentləri vasitəsilə təsir göstərir. Atmosfer təzyiqinin dəyişməsi qanın oksigenlə doymasını aşağı salır və sinir uclarını mexaniki şəkildə qıcıqlandırır.
İstilik, rütubət və işığın müəyyən həddə dəyişməsi havadakı ionların və molekulların nisbətini dəyişmir. Buna görə orqanizmdə kəskin dəyişikliklər baş vermir.