Lipid mübadiləsinin pozulması. Lipidlərin həzmi, əsasən, mədəaltı vəzi şirəsində olan lipazanın fəallığından asılıdır. Bu prosesdə öd də mühüm rol oynayır. Ona görə də hər iki orqanın funksiyalarında baş verən dəyişiklik lipidlərin həzminə və sorulmasına öz təsirini göstərir.
Öd axacağının tutulması, öd kisəsinin iltihabı, öd sekresiyasının pozulması, infeksion hepatit zamanı yağların həzmi və sorulması pozulur. Çünki onların sorulması bağırsaq möhtəviyyatında öd turşusunun olmasından asılıdır. Bu zaman nəcisin tərkibində hidroliz edilməmiş yağlar və üzvi turşular olduqda o, bozumtul-ağ rəngdə olur. Bağırsaq vərəmi, dizenteriya, enterokolit kimi bağırsaq xəstəlikləri zamanı bağırsaq divarının selikli qişasında anatomik dəyişiklik baş verir. Bu da lipid hidrolizi məhsullarının sorulmasının pozulmasına səbəb olur.
Qida maddələrinin tərkibindən yağların və digər lipidlərin çıxarılması yolverilməzdir. Çünki bu zaman insan yağlarda həll olan vitaminlərdən (A, D, E, K) və əvəzedilməz yağ turşularından məhrum olur.
Amin turşu mübadiləsinin pozulması. Amin turşu mübadiləsinin pozulmaları qazanılmış və irsi olmaqla iki qrupa bölünür. Qazanılma xarakterli pozulmalara qidanın keyfiyyətsizliyi (qidada əvəzedilməz amin turşularının və bəzi vitaminlərin çatışmazlığı), həzm sisteminin funksiyasının zəifliyi, endokrin sistemin bəzi xəstəlikləri, uzunmüddətli aclıq və s. amillər səbəb ola bilər. Əvəzedilməyən amin turşularının hər hansı birinin və ya bir neçəsinin çatışmazlığı orqanizmdə zülal biosintezinin zəifləməsinə səbəb olur. Bu zaman qanda sərbəst amin turşularının miqdarı artır. Sidikdə normal göstəricidən artıq miqdarda amin turşusu ifraz edilir. Qidasının tərkibində əvəzedilməz amin turşularından biri və ya bir neçəsi çıxarılmış heyvanlarda ümumi zəiflik və sinir fəaliyyətinin pozulması müşahidə edilir.
İnsanın qidasında amin turşularından olan triptofanın çatışmazlığı ciddi arıqlamaya, lizin çatışmazlığı başgicəllənməyə və ürəkbulanmaya, histidin çatışmazlığı qanda hemoqlobinin miqdarının azalmasına səbəb olur.
Albinizm. Bu xəstəlik amin turşusu mübadiləsinin pozulması nəticəsində yaranan xəstəlikdir. Bu zaman dəridə, tüklərdə və gözün qüzehli qişasında piqmentin əmələ gəlməsi pozulur, dəri və tüklər ağ, gözlər isə qırmızımtıl olur. Hazırda irsi pozğunluqlar nəticəsində amin turşusu mübadiləsinin pozulmalarının 100-dən çox xəstəliyə səbəb olması müəyyənləşdirilmişdir.