• Qida keyfiyyətcə tam dəyərli, tərkibində bütün qida maddələrinin nisbəti normada olmalıdır (yağlar, zülallar, karbohidratlar).
• Qidalanma rejimi müəyyən edilməlidir. Qidalar gün ərzində düzgün bölüşdürülməlidir. Qidalanma sutkanın müəyyən saatlarında həyata keçirilməlidir.
► Maddələr mübadiləsi müxtəlif yaşlarda eyni olmur. Məsələn, azotun orqanizm tərəfindən mənimsənilməsi səviyyəsi orqanizmin yaşından, fəaliyyətindən və fizioloji vəziyyətindən asılıdır.
Uşaqlarda müsbət, yaşlılarda isə mənfi azot balansı müşahidə olunur. Azot balansı sutka ərzində orqanizm tərəfindən mənimsənilən və xaric olunan zülalın miqdarına görə müəyyən olunur. Qidanın tərkibində olan azotdan xaric olunan azotun miqdarını çıxırlar. Orqanizmə daxil olunan azot xaric olunan azotdan çoxdursa, müsbət azot balansı, azdırsa mənfi azot balansı yaranır. Bərabər olduqda isə azot balansının tarazlığı baş verir. Ona görə də həkimlər xəstələrdə maddələr mübadiləsinin vəziyyətini yoxlamaq və diaqnoz qoymaq üçün qanda və sidikdə analizlər nəticəsində zülal, yağ, karbohidrat və s. miqdarını müəyyən edirlər.
► Maddələr mübadiləsinin nizamlanması vegetativ sinir sistemi vasitəsilə həyata keçirilir. Mərkəzi sinir sistemi daxili sekresiya vəzilərinin işini tənzimləyir. Bu vəzilərinin hormonları isə, öz növbəsində, maddələr mübadiləsini humoral yolla tənzimləyir. Maddələr mübadiləsinə həmçinin fermentlərin miqdarı da təsir göstərir. Beləliklə, həzm və maddələr mübadiləsinin tənzimi vahid neyrohumoral mexanizmlər vasitəsilə həyata keçirilir.
► Vitaminlər və mikroelementlər orqanizmdə maddələr mübadiləsində xüsusi əhəmiyyətə malikdir. Onlar orqanizmdə tənzimləyici kimi çıxış edir. Vitaminlər çatışmadıqda mübadilə prosesində pozulma baş verir. Müəyyən orqanların fəaliyyəti pozulur və xəstəlik yaranır.
Orqanizmin daim vitaminlərə və mikroelementlərə ehtiyacı vardır. Qidalanma düzgün getmədikdə orqanizmdə vitamin çatışmazlığı baş verir. Bunu hipovitaminoz adlandırırlar. Orqanizmin 40-a qədər vitaminə tələbatı vardır. Bir vitamin digər vitamini əvəz edə bilmir. Onların birinin orqanizmdə olmaması böyük fəsadlar törədə bilər.
Qidada vitaminlər və mikroelementlər normada olmalıdır ki, qida maddələrinin mənimsənilməsi, orqanizmin inkişafı normal təmin olunsun, müxtəlif yoluxucu xəstəliklərə qarşı davamlılıq artsın.
► Uzun sürən aclıq və susuzluq maddələr mübadiləsinə kəskin təsir göstərir. Bu amillər onların sinir və humoral tənzimedici funksiyası ilə bağlıdır. Məsələn, qanda qlükozanın miqdarı az və ya çox olarsa, müxtəlif xəstəliklər yaranar. Bunlardan biri də şəkərli diabet xəstəliyidir. Xəstəlik orqanizmin maddələr mübadiləsinə kəskin təsir göstərir. Bu zaman qanda suyun miqdarı azalır (osmotik təzyiq artır), maddələr mübadiləsi pozulur, orqanizm normal fəaliyyət göstərə bilmir.