Bitkilər kökləri vasitəsilə torpaqdan su və mineral maddələri alır. Yarpaqlarda fotosintez prosesi gedir və üzvi maddələr sintez olunur. Heyvanlar bitkilərdən fərqli olaraq, hazır üzvi maddələrlə (karbohidratlar, yağlar, zülallar) qidalanır, həzm orqanlarında həzm prosesləri gedir.
Maddələr mübadiləsi bütün canlı hüceyrələrinə xasdır. Lakin onların fərqli cəhətləri də vardır. Yaşıl bitki hüceyrələri karbon qazını mənimsəyir, oksigeni xaric edir. Paxlalı bitkilərin köklərində yaşayan bakteriyalar havanın azotunu mənimsəyir, nitrat turşusu ifraz edir. Bəzi bakteriyalar hidrogen-sulfid mənimsəyir, kükürd xaric edir. Buna baxmayaraq, maddələr mübadiləsi ümumi bir qanuna tabe olur. Hüceyrə yaşayırsa, xaricdən maddələr fasiləsiz olaraq hüceyrəyə, hüceyrədən isə xarici mühitə verilir.
Orqanizmə daxil olan qida maddələri parçalanır, hüceyrənin mənimsəyə biləcəyi formaya salınır. Maddələr mübadiləsində fermentlərin rolu əvəzsizdir. Fermentlər qida maddələrini parçalayan əsas amildir. Orqanizmdə baş verən müxtəlif kimyəvi proseslərin cəmi maddələr və əsas enerji mübadiləsi ilə nəticələnir. Hüceyrə daxilində gedən maddələr mübadiləsi orqanizmdə gedən ümumi mübadilənin ilkin mənbəyi hesab edilir. Çünki hüceyrə tərəfindən mənimsənilən maddələrdən orqanizmə məxsus zülallar, yağlar, karbohidratlar və nuklein turşuları sintez olunur. Həmin maddələr hüceyrənin hissələrinin formalaşmasında istifadə edilir. Böyüyən və yetkin hüceyrələrdə gedən sintez nəticəsində müntəzəm olaraq işlənmiş, istifadə olunmuş molekullar yeniləri ilə əvəz olunur. Maddələr mübadiləsi nəticəsində hüceyrə kimyəvi tərkibini və formasını daim sabit saxlaya bilir. Maddələr mübadiləsi bilavasitə enerji çevrilməsi prosesidir. Bu prosesin normal getməsi temperaturdan asılıdır. Temperaturun dəyişməsi prosesin sürətinə təsir göstərir.
Maddələr mübadiləsi, əslində, bir-birini əvəz edən mürəkkəb biokimyəvi proseslərin zənciri kimi başa düşülməlidir. Bu proseslər aşağıdakılardan ibarətdir:
Maddələr mübadiləsi orqanizmdə üç əsas formada və istiqamətdə həyata keçirilir:
Orqanizmdə müşahidə olunan oksidləşmə reaksiyaları toxumanın tənəffüsü adlanır. Bu zaman baş verən oksidləşmə-reduksiya prosesləri maddələr mübadiləsinin əsasını təşkil edir.