Ancaq o, irsi dəyişkənliyin təkamüldə çox böyük rol oynadığını müəyyənləşdirmiş və dəfələrlə qeyd etmişdir ki, dəyişkənlik təkcə xarici şəraitdən asılı deyil. Eyni şəraitdə yaşayan, eyni valideynlərdən törəyən nəsillərdə bəzən çox kiçik fərqlər, bəzən də kəskin nəzərəçarpacaq dəyişkənliyə malik fərdlər yaranır.
Genotipin dəyişməsi ilə baş verən dəyişkənlik irsi dəyişkənlik adlanır.
Mutasiyalar irsi dəyişkənliyin bir növüdür. Orqanizmin xromosomlarında və genlərində baş verən hər hansı bir dəyişkənlik mutasiyaya səbəb olur. Mutasiyalar bəzən elə çox kiçik fərqlərə səbəb olur ki, onlar nəzərə belə çarpmır.
Bəzən isə mutasiya çox qabarıq dəyişkənliyə səbəb olur ki, bunlardan da insanlar istifadə edib, yeni sort və cins yaradırlar. Məsələn, qısaayaqlı ankon qoyun cinsi, qısaayaqlı taksa it cinsi, yumurtavarı yarpaqlı çiyələk, sallaq və piramidaşəkilli çətiri olan ağaclar və s. belə yaranmışdır.
Mutasiya anlayışını elmə ilk dəfə gətirən holland botaniki Hüqo de Friz olmuşdur. O müşahidə etmişdir ki, enotera (eşşəkqulağı) bitkisinin yarpaqları arasında normal formadan kəskin fərqlənənlər vardır. Onların əlamətləri nəsildən-nəslə irsən ötürülür. Belə dəyişkənliyə botanik mutasiya adı vermişdir.
Heyvanlarda mutasiya