Canlılarda müxtəlif əlamətlərin kəmiyyət və keyfiyyət dəyişmələri eyni cür müşahidə olunmur. Qaramalda südün miqdarı yemin miqdarından asılı olaraq, çox dəyişir. Südün yağlılığını yemin miqdarını artırmaqla çoxaltmaq olmur. Yağlılığı yemin tərkibini dəyişməklə artırmaq mümkündür. Müşahidələr göstərir ki, heyvanın rəngini nə qidanın miqdarı, nə də müxtəlifliyi dəyişə bilər. Ancaq yuxarıda deyildiyi kimi, tükü qırxılıb belinə buz bağlanmış adadovşanlarının belində ağ tük əvəzinə qara tükün çıxması rəngin də mühit amillərinin təsiri ilə dəyişə biləcəyini göstərir. Beləliklə, qaramalda südün miqdarı geniş reaksiya normasına, rəng isə ən dar reaksiya normasına malikdir.
FFikirləşin, reaksiya norması yalnız mühit şəraitindənmi asılıdır?
Modifikasiya dəyişkənliyi norması daxilində əlamətin dəyişkənliyi variasiya sırasını əmələ gətirir. Variasiya sırasındakıların hər biri variant adlanır. Hər variantın sayını hesablayıb görərik ki, orta ölçülülərə daha tez-tez, sıranın əvvəlində və sonunda olanlara isə daha az rast gəlinir. Əgər bunu qrafikdə göstərsək, variasiya əyrisi alınar. Variasiya sırasının genişliyi genotipdən də asılıdır.
Variasiyada əlamətin orta ədədini müəyyən etmək üçün aşağıdakı düsturdan istifadə olunur:
M = Σ(V⋅P)
n
M - orta qiymət;
P - variantın rastgəlmə tezliyi;
V - variant;
Σ - cəm işarəsi;
n - variantların ümumi miqdarı.