Darvin dəyişkənliyin səbəblərini araşdırıb formalarını da göstərmişdir.
Qeyri-irsi və ya modifikasiya dəyişkənliyi. Növün müxtəlif şəraitdə yaşayan fərdlərində bəzi fərqli cəhətlərin meydana çıxması məlumdur. Məsələn, meşədə bitən adi şam ağacının çətiri yuxarıda yerləşir, açıqlıqda, meşə kənarında bitən şam ağacı isə daha qollu-budaqlı olur. Mühit şəraiti əlverişli olan yerlərdə bitən bitkilərlə əlverişsiz mühitdə yaşayan bitkilər eyni növdən olsalar da, fərqlənir. Ağbaş kələm isti ölkələrdə əkiləndə baş əmələ gətirmir. Ağ rəngli adadovşanlarının tükünü qırxıb yerinə buz bağlayanda onun yerindən qara tüklər çıxır.
Mühit şəraitinin təsiri altında eyni genotipli* fərdlərdə müxtəlif fenotiplərin** yaranması modifikasiya dəyişkənliyi adlanır. İnsanın əkib-becərdiyi bitkilərdə də modifikasiya dəyişkənliyini asanlıqla müşahidə etmək mümkündür. Bir bitkinin qələmlərindən əmələ gələn nəsillərdə tam eynilik müşahidə olunmur. Bunun səbəbi bitkilərin işıqlanma səviyyəsi, torpağın strukturu, su və qida maddələri ilə təminatı, alaq otlarının olması və s. ola bilir. Belə dəyişmələr genotipə təsir etmir və nəsildən-nəslə ötürülmür. Modifikasiya dəyişkənliyinin hüdudları reaksiya norması adlanır.