Reaksiyalardan göründüyü kimi, bakteriyaların istifadə etdiyi hidrogen mənbəyi fərqlidir. Bu səbəbdən də onlar fotosintez edərkən hər zaman havaya sərbəst oksigen xaric etmir. Göy-yaşıl yosun adlandırılan sianobakteriyalar hüceyrələrində olan xlorofilin iştirakı ilə fotosintez prosesini həyata keçirir və sərbəst oksigen xaric edir. Ona görə də bunların əksəriyyəti canlıların yaşaya bilmədikləri üzvi maddələrlə çirklənmiş su hövzələrində yaşayır.
Xemosintezedici bakteriyalar qeyri-üzvi maddələrdən üzvi maddələr sintez etmək üçün günəş enerjisindən deyil, bəzi kimyəvi reaksiyalar zamanı ayrılan enerjidən istifadə edir. Xemosintezedici bakteriyalar (kükürd, dəmir, nitrifikasiya) qeyri-üzvi maddələrin oksidləşməsi zamanı ayrılan kimyəvi enerji hesabına üzvi maddə sintez edir.
Avtotrof heyvanlar. Birhüceyrəli heyvan olan yaşıl evqlenanın sitoplazmasında 20-25-dən çox xromatofor olur. Evqlenalar gündüzlər işıqlı yerlərə toplaşır. Bu zaman onların hüceyrələrində fotosintez prosesi baş verir. Bu proses koloniya halında yaşayan volvoks hüceyrələrində də həyata keçirilir.
Bitkilər. Bu aləmdə növlərin əksəriyyəti xlorofilə malik olduğu üçün üzvi maddə istehsalçısı hesab olunur. Bitkilər tərəfindən sintez olunmuş üzvi maddələr bütün canlıların qida mənbəyinin təməlini təşkil edir.