Bitkilərdə qıcıqlanma. Bitkilərdə qıcıqlanmanı müşahidə etmək çox asandır. Pəncərə qarşısına qoyulmuş dibçəklərdəki bitkilərin yarpaq və gövdələrinin işığa doğru çevrilməsi, günəbaxanın çiçək səbətinin sanki Günəşin arxasınca gəzməsi, küsdümotu bitkisinin yarpaqlarına toxunan kimi bükülməsi tropizm adlanır.
Tropizm xarici amillərin təsirinə qarşı bitki hissələrinin istiqamətli yerdəyişməsidir. Bitkilərdə tropizmi nəinki işığa, həm torpağa, həm də bəzi kimyəvi maddələrə qarşı da müşahidə etmək mümkündür. Zirinc bitkisində həşərat erkəkciyə toxunarsa, bitki dərhal sürətlə əyilir və həşərat tozcuğa bulaşmış olur. Həşəratyeyən bitkilərdə həşəratların tutulması da qıcıqlanma və hərəkətin nəticəsidir. Mamır və qıjının spermatozoidləri yumurtahüceyrənin ifraz etdiyi maddələrə doğru üzür. Bu isə çoxhüceyrəli bitkilərdə taksisə misaldır.İşıq və temperaturun gün ərzində dəyişməsi ilə əlaqədar bitkilərin çiçəklərinin açılıb-bağlanması sutkanın müxtəlif vaxtlarında baş verir. Bu, kasa yarpaqları və ləçəklərin hərəkətləri ilə əlaqədardır. Bitkilərin hərəkətinin digər səbəbi hüceyrələrdə olan suyun miqdarının dəyişməsidir.
Birhüceyrəlilərdə qıcıqlanma. Bakteriyalar üzərində aparılan müşahidələr nəticəsində aydın olmuşdur ki, onlar qidalı mühiti hiss edən kimi həmin istiqamətə doğru hərəkət edir.
Amöblər olan suya duz kristalları qoyularsa, onlar yalançı ayaqlarını yığır, ovlarını hiss edən kimi yalançı ayaqlarını uzadıb onu tutur. Yaşıl evqlenalar qamçıları ilə hərəkət edir. Əgər onlar hər hansı bir maneəyə rast gələrsə, əvvəl dayanır, sonra geriyə dönür və uzaqlaşır. Birhüceyrəlilərin, eyni zamanda əksər çoxhüceyrəlilərin bu cür cavab reaksiyası taksisdir. Taksis xarici qıcığa cavab olaraq hüceyrənin və bütöv orqanizmin istiqamətlənmiş yerdəyişməsidir.