Mayalanmadan sonra yaranan ziqot hər iki valideynin əlamətlərini daşıyır. Bir çox orqanizmlər həm cinsi, həm qeyri-cinsi yolla çoxaldığı halda, onurğalılara yalnız cinsi yolla çoxalma xarakterikdir.
Cinsi çoxalma:
Cinsi çoxalmada olan müxtəliflik bunlardır:
• Konyuqasiya cinsi prosesdir. Bu prosesdə iştirak edən fərdlərin sayı artmır. Ancaq onların orqanizmi nüvələrin yerdəyişməsi nəticəsində yeni xüsusiyyətlər qazanır və yeniləşir.
• Nəsil növbələşməsi ilə gedən çoxalma bəzi birhüceyrəlilərdə və sporlu bitkilərdə olur.
• Partenogenez canlılarda az rast gəlinən cinsi çoxalma üsuludur. Bu zaman mayalanmamış yumurtahüceyrədən orqanizm inkişaf edir. Bal arısı ailəsində gedən prosesdə həm mayalanmış, həm də mayalanmamış yumurtadan nəsil alınır. Mayalanmış yumurtalardan işçi və ana arılar, mayalanmamış yumurtalardan isə erkək arılar əmələ gəlir.
• Çılpaqtoxumlularda cinsi çoxalma. Erkək və dişi qozalarda cinsi hüceyrələr inkişaf edir, tozlanma və mayalanma nəticəsində toxum əmələ gəlir.
• Çiçəkli bitkilərdə ikiqat mayalanma. Örtülütoxumlu bitkilərin xarakterik əlamətlərindən biri də çiçəklərin əmələ gəlməsidir. Çiçəklərin erkəkciklərində yaranan qametlərlə (spermlər) dişiciklərində yaranan qametin (yumurtahüceyrə) və mərkəzi hüceyrənin birləşməsi nəticəsində mayalanma baş verir, meyvə və toxum yaranır.