Şəkilləri nəzərdən keçirin, müxtəlif onurğalıların ifrazat sistemlərini müqayisə edin.
Qədimdən böyrəklərin ifrazat məhsullarını xaric etdiyi məlum olsa da, onların iş mexanizmi çox sonralar öyrənilmişdir.
Yaşadıqları mühitdən asılı olaraq, onurğalıların ifrazat orqanların quruluşunda fərqliliklər yaranmışdır. Hətta şirin su və duzlu suda yaşayan balıqların belə ifrazat orqanlarının quruluşunda fərqli xüsusiyyətlərə rast gəlinir. Bunun nəticəsində orqanizmlər öz daxili maye mühitlərini sabit saxlayır.
Şirin su balıqlarının əksəriyyətinin bədəninin üzəri pulcuqlarla örtülüdür. Onların yaşadığı mühitdə təzyiq aşağıdır. Balıqların bədənindəki osmotik təzyiq bədən səthindən və qəlsəmələrdən daxil olan su nəticəsində tənzimlənir. Onlar heç vaxt su içmirlər və çoxlu sidik ifraz edirlər. Bədəndən itirilən duzların yeri qəlsəmələr vasitəsilə sudan alınan duzlarla bərpa edilir.
Duzlu su balıqlarının bədənindəki təzyiq sudakı təzyiqdən aşağıdır. Ona görə də onların bədənində su itkisinin baş verməsi mümkündür. Bu səbəbdən belə balıqlar daima dəniz suyu içir, nəticədə çoxlu duz qəbul edir. Duzun artığı qəlsəmələrdən xüsusi hüceyrələr vasitəsilə xaricə atılır. Duzlu su balıqları çox az miqdarda sidik ifraz edir. Onlar bədənlərində olan ammonyakm çox hissəsini qəlsəmələri vasitəsilə xaricə çıxarır.
Quruda yaşayan canlıların orqanizmində su itkisinin qarşısını alan uyğunlaşmalar vardır. Bir çox heyvanlar bunun nəticəsində uzun müddət su içmədən yaşaya bilir. Məsələn, dəvələrdə güvənlərdəki piyin oksidləşməsi metabolik suyun yaranmasına səbəb olur. Onların digər bir uyğunlaşması isə böyrəklərdə suyun geri sorulmasını təmin edən kanalların daha uzun olmasıdır. Bunun nəticəsində geriyə daha çox su sorulur.