Yastı qurdlardan olan ağ planaridə protonefridial tipli ifrazat sistemi mövcuddur. Belə heyvanlarda parenxima daxilində ulduzabənzər hüceyrələr var. Bu hüceyrələr ifrazat məhsullarını toplayaraq xırda borucuqlara, oradan isə iri ifrazat borucuqlarına axıdır və xaric olunur.
Soxulcanlarda ifrazat məhsulları orta buğumlarda yerləşən (hər buğumda bir cüt) ifrazat orqanları (metanefridi) vasitəsilə xaric olunur. Metanefridilərin genişlənmiş qıfşəkilli hissəsi maddələr mübadiləsinin son məhsullarını toplayır, nazikləşmiş hissəsi isə bu məhsulları xaric edir.
Molyusklarda həlqəvi qurdların metanefridilərinə oxşar böyrəklər vardır. Böyrəklərin kirpikli hüceyrələrində toplanan ifrazat məhsulları bir kanalla manti boşluğuna açılır, oradan da kənarlaşır. Buğumayaqlıların ən geniş yayılmış nümayəndələri olan cücülərin ifrazat məhsulları Malpigi boruları vasitəsilə xaric olunur. Bir ucları qapalı olan bu borular bədəndə əmələ gələn lazımsız məhsulları qandan toplayaraq bağırsaqlara ötürür. Cücülərin qarıncığının divarında və daxili orqanları üzərində olan piy cisimcikləri də ifrazata xidmət edir. İfrazat prosesi çay xərçəngində baş hissədə yerləşən cüt yaşıl vəzilər, hörümçəkkimilərdə isə Malpigi boruları və xüsusi vəzilərlə həyata keçirilir.
Onurğalılarda ifrazat. Bütün onurğalı heyvanlarda ifrazat orqanları böyrəklərdir.