Atmosferdə karbon qazının miqdarı gecə və gündüz fərqli olur. Bütün canlıların tənəffüs etməsi sayəsində gecələr karbon qazı çoxalır. Gündüzlər isə xlorofil piqmentinə malik canlıların həyata keçirdiyi fotosintez sayəsində ətrafda karbon qazı azalır, oksigen artır.
Havada karbon qazının miqdarının artması nəticəsində bu qazdan ibarət nazik təbəqə yaranır. Məlumdur ki, bu günəşdən gələn və yerdən əks olunan istiliyin tənzimini pozaraq istixana effekti yaradır. Uzun sürən istixana effekti səhralaşmaya gətirib çıxarır.
Fosforun dövranı. Həyat üçün vacib kimyəvi elementlərdən biri də fosfordur. Fosfor nuklein turşularının, adenozintrifosfat turşusunun (ATF), fosfat duzlarının tərkibinə daxildir. Hüceyrə membranının, dərinin və skeletin tərkibində də fosforlu birləşmələrə rast gəlinir.
Təbiətdə fosfor dövranının əsasını onun qurudan dənizlərə və əksinə daşınması təşkil edir. Torpaqda olan fosforlu maddələr mikroorqanizmlər tərəfindən suda həll olmuş hala gətirilir. Belə qeyri-üzvi birləşmələr bitkilər tərəfindən üzvi birləşmələrə çevrilir. Daha sonra qida zənciri ilə otyeyən və ətyeyən heyvanlara ötürülür. Bitki və heyvanlar məhv olduqdan sonra mikroorqanizmlər tərəfindən yenidən qeyri-üzvi birləşmələrə çevrilir.