Sxemdən göründüyü kimi, atmosfer havasının tərkibində karbon qazı müxtəlif səbəblərdən artır. Fotosintezedici canlılar isə (əsasən bitkilər) karbon qazının azalması prosesini həyata keçirir. Uzun illər atmosferdə bu qazların miqdarı, əsasən, dəyişməz qalmışdır.
FSon zamanlar havada karbon qazının miqdarının artması bir çox problemlər yaradır. Sizcə, bu problemlər hansılardır və səbəbləri nədir? Cavablarınızı əsaslandıraraq təqdim edin.
Atmosfer havasında karbon qazının miqdarının artması qlobal istiləşmə təhlükəsi yaradır. Havanın tərkibində artan karbon qazı yer üzündən günəş şüalarının əks olunaraq kosmik fəzaya qayıtmasına maneçilik törədir. Bu səbəbdən dünyada istilik artır. İstiliyin artması qütb buzlaqlarının əriməsinə və iqlim dəyişikliklərinə səbəb ola bilər. Ekosistemlərin davamlılığı pozular, yer üzərində yaşayan bitki və heyvanların sayı azalar.
Atmosferdə Yer səthindən 15-35 km hündürlükdə sərbəst oksigen günəş şüasının təsiri ilə ozona (3O2—>2O3) çevrilir. Bu isə ozon ekranı əmələ gətirir. Ozon təbəqəsi canlı orqanizmlərə məhvedici təsir göstərən kosmik şüaları, günəşin ultrabənövşəyi şüalarını qismən dəf edir. Havanın çirklənməsi ozon ekranının nazikləşməsi və deşilməsinə səbəb olur. Nəticədə bütün canlıların həyatı üçün ciddi təhlükə yaranır.
Bütün bu dəyişikliklər insan sağlamlığına təsirsiz qalmır. Rentgen şüaları, ionlaşdırıcı şüalar, radioaktiv çirklənmə, kimyəvi zəhərli maddələr, kəskin temperatur dəyişiklikləri insanın genotipinə təsir göstərir. Genlərdə baş verən dəyişikliklər xəstəliklərə səbəb olur. Bu xəstəliklər dəyişilmiş genlərlə nəsildən nəslə ötürülür.
Havanın çirklənməsinin qarşısının alınması üçün vacibdir:
►
dünyada sülhün bərqərar olması, müharibələrin aparılmaması;
►
kimyəvi silahların sınaqdan keçirilməməsi;
►
atmosfer havasını qorunması üçün qəbul olunmuş qanunlara əməl edilməsi;
►
ətraf mühitə, o cümlədən havaya mənfi təsir edən fiziki, kimyəvi və bioloji amillərə qarşı mübarizə tədbirlərinə əməl olunması;
►
istehsal proseslərinin, xüsusən təmizləyici qurğuların təkmilləşdirilməsi;
►
təkrar istehsal texnologiyalarının təkmilləşdirilməsi;
►
tullantısız işləyən istehsal proseslərinin artırılması;
►
yaşıllıqların artırılması.