Havanın çirklənməsi qlobal ekoloji problem kimi
MAtmosfer havasında həcmcə 78% azot, 21% oksigen, 0,03% karbon qazı və az miqdarda təsirsiz qazlar var. Bu qazların miqdarının və tərkibinin dəyişməsi havanın çirklənməsinə səbəb olur.
Sxemləri nəzərdən keçirin. Turş yağışların və qlobal istiləşmənin səbəblərini araşdırın. Hava çirkliliyinin qarşısının alınma yolları haqqında təqdimat hazırlayın.
Hava canlıların həyatında çox mühüm rol oynayır. İnsan su və qida qəbul etmədən bir neçə gün yaşaya bilir. Ancaq havasız 5-10 dəqiqədən çox yaşamaq mümkün deyil.
Havanın kimyəvi tərkibinin çirklənməsi və zəhərlənməsi ilə mübarizə tədbirləri sisteminə havanın qorunması deyilir. Bu tədbirlər ayrı-ayrı şəxslərin fəaliyyətindən tutmuş beynəlxalq tədbirlərə qədər genişdir.
Havanı çirkləndirən amillər, əsasən, müxtəlif qazlardır. Sənaye inkişaf etdikcə havanın çirklənməsi daha da sürətlənir.
Turşulu yağışlar
Antropogen amillərin təsiri nəticəsində havada CO2, SO2 və NO2-in miqdarı artır. Bu qazlar uyğun şərait olduqda su buxarı ilə əlaqəyə girərək müvafiq turşular əmələ gətirir.