Göstərilən qida zəncirində əlaqədə ayrıqotunun və ya maralın olmaması qida zəncirinin dağılması ilə nəticələnmir. Belə ki, maralın qidasını yalnız ayrıqotu, canavarın qidasını isə yalnız maral təşkil etmir.
Biogeosenozda növ müxtəlifliyi nə qədər çox olarsa, o daha davamlı olar. Qida zəncirinin öyrənilməsi insanların canlılara münasibətini dəyişir. Məlum olmuşdur ki, yırtıcı heyvanların məhv edilməsi nəticəsində mürəkkəb qida zənciri dağıla bilər, beləliklə, mövcud biogeosenozlar məhv olar. Canavarların yırtıcı olmağı, onların, əsasən, dırnaqlı heyvanlarla qidalandığı məlumdur. Ancaq müşahidələr göstərmişdir ki, canavarların kökünün kəsildiyi ərazidə dırnaqlılar azalmağa başlamışlar. Müəyyən olunmuşdur ki, canavarlar xəstə heyvanları tutub yeməklə dırnaqlılar arasında epidemiyaların yayılmasının qarşısını alır. Tozlayıcı həşəratlar məhv edilərsə, bitkilər tozlanmaz, onların sayı azalar. Bu da bitki ilə qidalanan cücülərin azalmasına səbəb olar. Cücülərin azalması qurbağaların, qurbağaların sayının azalması isə ilanların sayının azalmasına gətirib çıxarır. Bunun nəticəsində cücülər sürətlə çoxaldığından yaşıl kütlələri məhv edirlər, beləliklə də, biogeosenoz dağılır.
Qida zəncirinin bir halqasından digərinə keçdikdə biokütlənin həcmi, enerjinin miqdarı, canlıların sayı azalır. Canlıların qidasından bədənlərinə keçən enerji 5-20% olur. Bu, ekoloji piramida qaydası adlanır. Qida zəncirinin halqalarında üzvi maddənin miqdarına görə biokütlə piramidası, fərdlərin sayına görə say piramidası, enerji miqdarına görə enerji piramidası tərtib edilir.