Genetik müxtəliflik eyni növ daxilində fərdlər arasında fərqlilik şəklində təzahür edir. Bu müxtəliflik istənilən bir növ, yarımnöv, populyasiya daxilində nəzərə çarpır.
Növ müxtəlifliyi müəyyən bir bölgədəki və ya Yer kürəsində növlərin fərqliliyini ifadə edir. İstənilən bir biogeosenozu əmələ gətirən növlərin sayı həmin biogeosenozun növ müxtəlifliyidir.
Ekosistem müxtəlifliyi müəyyən bir bölgədəki və ya bütövlükdə Yer üzərindəki ekosistemlərin fərqli olmasıdır.
Dünyada növ müxtəlifliyi ekvatordan qütblərə doğru getdikcə azalır. Bu fərqlilik ərazinin coğrafi mövqeyindən, oradakı abiotik amillərdən asılıdır. Tropik zonalarda bitki növlərinin sayı 8000 olduğu halda, tundrada bu 500-dür.
Yer üzərində tundra, tayqa, enliyarpaqlı meşələr, çöl, səhra, bataqlıq və s. kimi biogeosenozlar mövcuddur. Hər biogeosenoz üstünlük təşkil edən növlərlə xarakterizə olunur. Zonalarda dəyişmə bitki örtüyündə daha aydın nəzərə çarpır. Bu da, əsasən, konsumentlərdən ibarət heyvanların və redusentlərin növ tərkibinin dəyişməsi ilə müşayiət olunur. Coğrafi zonalarda torpağın tərkibində də dəyişiklik yaranır.
Ekosistem daxilində elə növlər var ki, o yalnız müəyyən bölgələr üçün xarakterikdir. Bunlar endemik növlərdir. Yer üzərində yalnız bir ölkənin ərazisində yaşayan növlər həmin ölkə üçün endemik növ sayılır.
FAzərbaycanda olan endemik növləri yada salın.
Hər bir biogeosenozda növ müxtəlifliyi, populyasiyanın sıxlığı və biokütlə fərqli olur.
Populyasiyanın sıxlığı sahə və ya həcm vahidinə düşən fərdlərin sayını bildirir.
Biokütlə üzvi maddənin və fərdlərin cəminin, onda toplanmış enerji ilə birlikdə miqdarıdır.