Biomüxtəliflik və onun qorunması yolları
MYer üzərində təqribən 350 min bitki, 2 milyon heyvan, 100 min göbələk, 3 minə qədər bakteriya növü məlumdur. Bu canlılar təbiətdə təsadüfi paylanmayıb. Onlar qruplar halında yaşayırlar. Belə təbii birliklərin biosenoz adlandırılması sizə məlumdur. Biosenozun yaşayış mühiti ilə birgə kompleksi nə adlanır? Görəsən, fərqli biosenozlar, orada rast gəlinən fərqli növlər, növlərin gen tərkibindəki fərqlilik hansı bioloji terminlə ümumiləşdirilə bilər?
Biomüxtəliflik Yer üzərində yaşayan canlıların və onların yaşayış şəraitinin müxtəlifliyi deməkdir. Hər hansı bir bölgədə yaşayan növlərin fərqliliyi, bunların əmələ gətirdikləri fərqli təbii birliklər həmin bölgənin bioloji müxtəlifliyini əmələ gətirir. Bioloji müxtəliflik üç yerə ayrılır: genetik, növ və biogeosenoz (ekosistem).