Hər bir təbii birliklərdə canlılar arasında müxtəlif qarşılıqlı təsirlər həm eyni növün (növdaxili), həm də müxtəlif növlərin (növlərarası) fərdləri arasında ola bilər. Bu cür əlaqələr qida, yaşayış yeri və s. uğrunda mübarizə zamanı müşahidə olunur. Növlərin fərdlərinin bir-birinə təsirləri faydalı (f), zərərli (z) və ya neytral (n) ola bilir.
Eyni ekoloji sistem daxilində olan bu münasibətlərə aşağıdakıları misal göstərmək olar: çiçəkli bitkilərdən nektar toplayan cücülər nektarla qidalanır, eyni zamanda bitkiləri tozlandıraraq onlara fayda verir.
Bəzi göbələk və yosunlar birgə yaşayaraq şibyələri əmələ gətirir. Şibyələrdə su və mineral maddələri göbələk mitseliləri sorur, üzvi maddələri isə yosunlar və ya sianobakteriyalar fotosintez prosesi nəticəsində hazırlayır. Bu yaşayış hər iki canlı üçün faydalıdır (f f). Orqanizmlərdən birinin məhvi şibyənin məhvinə səbəb olur.
Yumrucuq bakteriyaları paxlalı bitkilərlə faydalı qarşılıqlı təsirdə olur. Bu bakteriyalar havanın tərkibində olan sərbəst azotu bitkilərin mənimsəyə biləcəyi hala gətirir, torpağı azotlu birləşmələrlə zənginləşdirir. Bitkilərin azota olan tələbatı ödənir. Bitkilərin fotosintez yolu ilə hazırladıqları üzvi maddələrlə isə bakteriyalar qidalanır. Bu cür qarşılıqlı təsir simbioz adlanır.
Canlılar arasında elə münasibətlər də olur ki, bu, bir tərəf üçün faydalı, digər tərəf üçün isə zərərlidir.
Şəkildə verilən (f z) qarşılıqlı təsirlərə baxın və əlavə misallar göstərin.