Cinsiyyətin genetikası
MÇox qədim zamanlardan insanları düşündürən məsələlərdən biri də doğulan uşaqların cinsiyyətinin yaranmasında hansı valideynin əhəmiyyətli rol oynaması olmuşdur. Adətən, bu məsələdə analar əsas götürülürdü. Çox zaman qız uşaqları doğulduqda analar günahlandırılır, hətta cəzalandırılırdı. Sizcə, canlılarda cinsiyyətin müəyyən olunmasında valideynlərdən hansı həlledici rol oynayır?
Araşdırma apararaq verilmiş canlılarda cinsiyyəti hansı fərdin müəyyən etdiyini müəyyənləşdirin? Sualları müzakirə edib cavablandırın.
• Doğulan uşağın qız və ya oğlan olması nədən asılıdır?
• Müxtəlif heyvanlarda cinsiyyət necə idarə olunur?
Drozofil milçəyinin xromosom yığımı nəzərdən keçirildikdə erkək və dişilərdə 3 cüt xromosomun fərqlənmədiyi (autosom), ancaq bir cütün fərqləndiyi görünür. Bunlar cinsiyyət xromosomlarıdır. Dişidə bunlar XX, erkəkdə isə XY adlanır. Qametlər hazırlanarkən dişilər eyni cür 3+X qametləri, erkəklər isə iki cür 3+X və 3+Y qametlərini hazırlayır.