Ağ ciyər tənəffüsünə onurğalılardan iki cür tənəffüslü balıqlarda, yetkin qurbağalarda, sürünənlərdə, quşlarda və məməlilərdə rast gəlinir. Orqanizmlərin enerjiyə tələbatı artdıqca ağ ciyərlərin quruluşu dəyişir. Hətta eyni sinifdən olan orqanizmlərdə belə bəzi dəyişikliklər müşahidə olunur. Quşlarda tənəffüs prosesində hava kisələri də iştirak edir. Hava kisələrinin həcmi uçan quşlarda uça bilməyənlərə nisbətən daha böyük olur.
Quşlarda tənəffüs prosesi
Quşların ikiqat tənəffüsü nəticəsində udulan havadakı oksigendən daha çox istifadə olunur. Əgər məməlilər havadakı oksigenin təqribən 20-25%- dən istifadə edirsə, quşlarda bu, 80-90%-ə çatır.
Tənəffüs zamanı orqanizmə lazım olan oksigen qana daxil olur və hüceyrələrə daşınır.
Bitkilərdə tənəffüs
Bitkilər də tənəffüs edir. Onlarda qaz mübadiləsində iştirak edən strukturlar aşağıdakılardır:
- Yarpaqlarda rast gəlinən ağızcıqların açılıb-bağlanması nəticəsində qazlar mübadiləsi baş verir. Yosunlarda ağızcıqlara rast gəlinmir.
- Qaz mübadiləsində iştirak edən mərciməklər çoxillik ağac və kol bitkilərinin gövdəsində olur. Mərciməkləri təşkil edən mantar hüceyrələri cansızdır. Mərciməklər gövdədə qaz mübadiləsini həyata keçirir.
- Bitki kökləri, əsasən, torpaqda olan havanın tərkibindəki oksigen ilə tənəffüs edir. Bataqlıq bitkilərində qaz mübadiləsini həyata keçirən tənəffüs kökləri əmələ gəlir. Torpaqda lazımınca hava olmadığından bu köklər oksigeni havadan alır.
- Əsas fizioloji proseslərdən biri olan tənəffüs canlıların həyatında mühüm rol oynayır. Tənəffüsdə baş verən dəyişikliklər orqanizm üçün təhlükəli ola bilər.
Oksigensiz mühitdə yaşayan canlıların tənəffüs prosesində oksigen iştirak etmir. Bu anaerob tənəffüs adlanır.