Morqanın homoziqot boz bədənli, normal qanadlı (dominant əlamət) milçəklə qara bədənli, rudiment (tam inkişaf etməmiş) qanadlı (resessiv əlamət) milçəyi çarpazlaşdırması zamanı bütün milçəklər boz bədənli, normal qanadlı oldu. Deməli, Mendelin birinci qanunu özünü göstərdi. Lakin birinci nəsildə alınmış heteroziqot milçəklərlə resessiv milçəklərin çarpazlaşmasında alınacaq milçəklərin sayı Mendel qanunlarına uyğun olmadı.
Əgər Mendel qanunlarına görə, diheteroziqot genotipli dişi fərdlər resessiv genotipli erkək fərdlərlə çarpazlaşarsa, alınan nəsillərdə boz bədən, normal qanadlılar 25%, boz bədən, rudiment qanadlılar 25%,
qara bədən, normal qanadlılar 25%, qara bədən, rudiment qanadlılar 25% alınmalı idi. Ancaq bu nisbət alınmır. Parçalanma aşağıdakı kimi ola bilər:
41,5% boz bədən, normal qanad;
41,5% qara bədən, rudiment qanad;
8,5% boz bədən, rudiment qanad;
8,5% qara bədən, normal qanad.
Buna səbəb qeyri-allel genlərin eyni xromosomlarda yerləşməsi və irsən nəsildən-nəslə bir yerdə ilişikli keçmələridir.
Əgər belədirsə, valideyn fərdlərə oxşamayan 17% yeni kombinasiyalar necə yaranır?
Təcrübələr göstərir ki, yeni kombinasiyaların yaranmasına səbəb meyoz prosesi zamanı I profazada homoloji xromosomların konyuqasiyası zamanı gen mübadiləsinin (krossinqover) baş verməsidir. Krossinqover hadisəsinin başvermə tezliyi genlərin xromosomlarda yerləşməsi vəziyyətindən asılıdır.