Dihibrid və polihibrid çarpazlaşma
MMendel monohibrid çarpazlaşma zamanı bir çox vacib genetik qanunauyğunluqlar üzə çıxarmışdı:
• dominantlıq hadisəsi;
• birinci nəsil hibridlərindən alınan nəslin fenotipcə 3:1 nisbətində parçalanma verməsi;
• ressesiv əlamətli fərdlərdə allellərin dəyişməzliyi;
• qametlərin saflığı, yəni qametlərin allel cütlərdən yalnız birinə malik olması.
Təbiətdə orqanizmlər bir yox, bir neçə əlamətə görə fərqlənir. Buna görə də Mendel sonrakı təcrübələrində iki və daha çox əlamətlərlə fərqlənən formaları da çarpazlaşdırmışdı. Sizcə, Mendel qanunları burada özünü necə göstərər?
Araşdırma apararaq sualları cavablandırın.
• Dihibrid çarpazlaşma nədir?
• Dihibrid çarpazlaşma zamanı götürülən iki əlamət bir-birinə təsir edirmi?
• Dihibrid çarpazlaşmada fenotip və genotip nisbəti necə olur?
• Polihibrid çarpazlaşma nədir?
• Bu çarpazlaşmada əlamətlər hansı qanunauyğunluqlar əsasında nəslə ötürülür?
Cədvələ əsasən dihibrid çarpazlaşma zamanı alınan nəsildə genotipləri və fenotipləri müəyyənləşdirib təqdim edin.
Dihibrid çarpazlaşma iki müxtəlif əlamətə görə fərqlənən valideyn formalarının çarpazlaşdırılmasıdır. Mendel rəngi və formasına görə fərqlənən homoziqot sarı hamar toxumlu noxud bitkisini yaşıl qırışıq toxumlu bitki ilə çarpazlaşdırmışdır. Birinci nəsil hibridlərdə eynilik özünü göstərmişdir. Alınan bütün toxumlar sarı və hamar olmuşdur.