Neandertallar qədim insanlardır. Onların qalıqları ilk dəfə İspaniyada tapılmışdır. 1856-cı ildə Almaniyanın Neander çayı vadisi ərazisində onların tam skeleti aşkar edilmişdir. Qalıqlara Avropa ilə yanaşı, Asiyada da rast gəlinmişdir. Boyları 155-165 sm olan bu insanlarda onurğa əyrilikləri zəif inkişaf etmişdir. Onlar nisbətən əyilərək hərəkət edirdilər. 50-100 nəfərlik qruplarla yaşayır, dəri paltarlar geyinir, oddan istifadə edir və onu əldə etməyi bacarırdılar. Beyin qabığındakı qırışlar müasir insanlara nisbətən az idi. Alınları maili idi, qaşüstü yastıqcıqları yaxşı inkişaf etmişdi. Çənəaltı çıxıntıları bəzilərində yox idi. Ancaq qazıntılar zamanı tapılan bəzi çənə sümüklərində çənəaltı çıxıntıya təsadüf olunur. Bu da onu göstərir ki, neandertallarda aydın olmayan, bəzilərində isə aydın nitq var imiş. Mitoxondri DNT-si müasir insanlara çox yaxın olmuşdur.
Əmək bölgüləri var idi. Əmək alətlərini daşdan, sümükdən, ağacdan (iti ucluq, ərsin, tiyə) hazırlayırdılar. Kişilər ov edir, qadınlar və uşaqlar isə bitki mənşəli məhsullar toplayırdılar. Onlar müxtəlif sığınacaqlardan istifadə edir, ən çox isə mağaralarda yaşayırdılar. İlk dini rüşeymlər onlarda yaranmışdır. Ancaq neandertallar müasir insanın birbaşa əcdadı deyildi.
Kromanyonlar ilk müasir insanlar olmuşlar. Qalıqları ilk dəfə Fransanın Kromanyon kəndi yaxınlığında tapıldığı üçün onları belə adlandırmışlar. Sonralar bu qalıqlara Asiya, Afrika, hətta Avstraliya qitələrində də təsadüf edilmişdir. Tapılan qalıqlara əsasən onların boylarının 180 sm-ə çatdığı, alınlarının enli və düz olduğu, qaşüstü yastıqcıqlarının olmadığı müəyyən edilmişdir. Kromanyonlar aydın nitqə malik olmuşlar. Əmək alətlərindən daş ucluq, ağac dəstəyi olan ucluq, buynuzdan düzəldilmiş qarmaq (harpun), nizə və s. istifadə etmişlər. Onlar özlərinə sığınacaq düzəldir, paltarlarını tikmək üçün sümük iynələrdən istifadə edirdilər. Qayaüstü rəsmlər çəkir, öz əmək alətlərini bəzəyir, saxsıdan müxtəlif qablar düzəldirdilər.