Sinantropların qalıqları 1927- 1937-ci illərdə ilk dəfə Çində, Pekin yaxınlığında tapıldığı üçün onlar “Çin adamı” da adlanır. Morfoloji xüsusiyyətlərinə görə pitekantroplara bənzəsələr də, beyinlərinin sol payı sağ payından daha yaxşı inkişaf etmişdi. Bu da onların sağaxay olduğunu sübut edir. Alt çənələri və dişləri iri olmuşdur. Çənəaltı çıxıntıları olmadığı üçün nitq qabiliyyəti yox idi. Qaşüstü yastıqcıqları var idi. Oddan istifadə edir, onu qoruyub saxlayır, dəri paltarlar geyinirdilər. Mağaralardan tapılan kül qatları “Çin adamı”nın oradan sığınacaq kimi istifadə etdiklərini göstərir. Onların daş, buynuz və sümükdən hazırlanmış əmək alətləri olmuşdur.
Heydelberq adamı qalıqları ilk dəfə 1907-ci ildə Almaniyanın Heydelberq şəhəri yaxınlığında tapılmışdır. Bundan başqa qalıqlara Asiya və Afrikada da rast gəlinmişdir. Aşkar edilmiş alt çənə sümüyündə çənəaltı çıxıntı yox idi. Dişlər iri olsa da, insan dişlərinə oxşar idi. Onlar da oddan istifadə etmiş, sürü halında yaşamışlar. Ən qədim insanlar hannibal idilər. Öz sürülərindən olan insanların belə əti ilə qidalana bilirdilər.
Azıxantrop Azərbaycanın Xocavənd rayonu ərazisində yerləşən Azıx mağarasında bu insanların alt çənə sümüyü tapılmışdır. Onlar da sürü halında yaşamış, oddan istifadə etmiş, dəri paltar geyinmişlər. Daşdan, sümükdən müxtəlif alətlər hazırlamışlar.
Tapılan qazıntılar azıxantropların qazma üsulu ilə yerdə ocaq qurduqlarını göstərir.