Qəlsəmələr nazik epiteli çıxıntılarından əmələ gəlmiş və qan damarları ilə sıx əhatə olunmuş orqandır. Onlar kapilyar qan damarları ilə zəngindir. Qəlsəmələr xarici və daxili olmaqla iki yerə ayrılır. Xarici qəlsəmələr saçaqlı və tük şəklində olub orqanizmdən ətraf mühitə uzanır. Balıq sürfələrində, iki cür tənəffüslü balıqlarda və qurbağa çömçəquyruğunun ilk inkişaf dövründə tənəffüs xarici qəlsəmələrlə olur.
Daxili qəlsəmələrdə isə qaz mübadiləsi qəlsəmə yarpaqlarında baş verir. Dəyirmiağızlılarda və qığırdaqlı balıqlarda qəlsəmə yarıqları birbaşa ətraf mühitə açıldığı halda, sümüklü balıqlarda onların üzəri qəlsəmə qapağı ilə örtülü olur.
FQəlsəmə tənəffüsünün mexanizmi
Tənəffüsün başlanğıcında qəlsəmə qapağı qapanır, ağız açılır və su ağıza daxil olur. Sonra ağız yumulur, qəlsəmə qapağı açılır. Beləliklə, su qəlsəmə yarpaqlarını yuyur. Bu zaman suda həll olmuş oksigen qəlsəmə yarpaqlarını bürüyən kapilyar damarlarına, karbon qazı isə qandan diffuziya yolu ilə suya keçir. “Çirklənmiş” su qəlsəmə qapağının altından xaricə çıxır. Beləliklə, xarici tənəffüs tamamlanır.
Traxeya tənəffüsü. Quruda yaşayan buğum- ayaqlılarda (cücülər və hörümçəkkimilər) traxeyaların olduğunu bilirsiniz. Cücülərin əksər döş və qarıncıq buğumlarının hər birində 2 ədəd (birinci döş və axırıncı qarıncıq buğumu istisna olmaqla) stiqma adlanan nəfəsgahlarla hava orqanizmə daxil olur və çıxır. Nəfəsgahlardan hava traxeyalara daxil olur.