Driopiteklər. Paleogen dövründə iqlimin soyuması ilə əlaqədar olaraq cənuba doğru uzanan buzlaqlar meşələri məhv etməyə başlamışdı. Meşələr çöllərlə əvəz olunduğu üçün insanabənzər meymunlar ağacdan düşməyə və yerdə gəzməyə məcbur qalmışdılar. Neogen dövründə yaşayan driopiteklərdə gözlər və eşitmə orqanları yaxşı inkişaf etmişdi. Əlləri formalaşdığı əşyaları daha yaxşı tutur və tullayırdılar.Bədən ölçüləri dəyişmiş, beyinləri daha yaxşı inkişaf etmiş driopiteklər səmti təyin edə bilirdilər. Güman olunur ki, onlar şimpanze, qorilla və avstrolopiteklərə başlanğıc vermişlər.
Avstralopiteklər* sürü halında düzənliklərdə yaşamağa başlamış, yırtıcı olmuşlar. Bu heyvanlarda ənsə dəliyi kəllə qutusunun mərkəzinə doğru çəkilmişdi. Beyinlərinin həcmi müasir insanabənzər meymunlara nisbətən daha böyük olmuşdur. Tapılan sümüklər onlarda arxa ətrafların daha yaxşı inkişaf etdiyini göstərir.
• Avstralopitekləri digər meymunlardan fərqləndirən xüsusiyyətləri göstərin.
Ətraf sümüklərindən, əsasən, çanaq və bud sümükləri insan sümüklərinə daha çox oxşayırdı. Çanağın geniş olması onların dik gəzdiklərini göstərir. Yuxarı ətraflarında baş barmağın quruluşu isə əllərin tutmaq qabiliyyətinin güclü olduğunu, onların daşdan və sümükdən alət kimi istifadə etdiklərini bildirir. Avstralopiteklərin dişlərinin quruluşu da insanın dişinə daha çox oxşayırdı. Müxtəlif ərazilərdə tapılan qalıqlar avstralopiteklərin çoxlu növlərinin olduğunu sübut edir.
Şimal və cənub dairələrindən başlayan soyuqlar insanabənzər meymunların yaşayışını daha da çətinləşdirmişdir. Onlar özlərini həm ətraf mühit amillərindən, həm də digər heyvanlardan qorumaq üçün bir sıra uyğunlaşmalar qazandılar. Avstralopiteklərin bir qismi özlərini müdafiə etmək üçün əmək alətləri düzəltməyə başladı.
Alimlər bu şaxəni “bacarıqlı insan” adlandırdılar.