İnsanın onurğalı heyvanlarla müqayisəsi göstərir ki, o, uzun sürən tarixi inkişaf yolu keçmiş və formalaşmışdır. İnsanın məməli heyvanlara daha çox oxşadığını bilirsiniz.
Şəklə baxın, insan və heyvan rüşeymlərini müqayisə edib oxşar cəhətlərini müəyyənləşdirin.
İnsan və heyvan rüşeymlərinin inkişafını nəzərdən keçirdikdə onların oxşar xüsusiyyətlərinin olduğu müəyyən edilmişdir. İnsan da öz inkişafına mayalanmış yumurtahüceyrədən - ziqotdan başlayır. Ziqotun parçalanması nəticəsində blastomerlər yaranır, çoxhüceyrəli rüşeym formalaşır. Rüşeymin inkişafı zamanı bir aylığında ikikameralı ürək, üç cüt qəlsəmə yarığı görünür. Barmaqlarının arasında pərdə, kloaka, balıqlarda olduğu kimi, qovuqcuqlardan ibarət baş beyin
olur. Rüşeym inkişaf etdikcə onun baş beyninin yarımkürələri formalaşır, üzərini qırışlı qabıq örtür. Onurğa sütununun quyruq şöbəsi də inkişaf zamanı formalaşır. Onun fəqərələrinin bir qismi reduksiyaya uğrayır, bir qismi isə birləşib büzdüm sümüyünü əmələ gətirir. Dölün 3-4 aylığında bədənin üzəri tüklərlə örtülü olur. Ancaq inkişaf etdikcə tüklər tökülür, yalnız başda uzun tüklər qalır. Hətta 6 həftəlik rüşeymdə çoxlu süd vəzilərinə rast gəlinir. Onun ürəyi döyünən borudan ibarət olur. Rüşeym inkişaf etdikcə onda insana məxsus əlamətlər formalaşır.