İnsanla məməli heyvan arasında olan oxşar morfoloji, anatomik, fizioloji və embrioloji xüsusiyyətlərin bir çoxu ilə siz tanışsınız.
• Yadınıza salın, insanla məməlilərin, xüsusən də insanabənzər meymunların hansı oxşar xüsusiyyətləri vardır?
Atavizm. Atavizmlər insanın heyvanlardan əmələ gəldiyini göstərir. Bəzən quyruqlu, çoxməməli, bütün bədəni sıx tüklərlə örtülü, qulaq seyvanını hərəkət etdirə bilən insanlar doğulur. Bu onların əcdadlarının əlamətlərini təkrar etməsidir.
Rudimentlər. İnsan təkamülündə əcdadlarda olan bəzi orqanlar öz əhəmiyyətini itirmiş və qalıq halında qalmışdır. Müəyyən olunmuşdur ki, insanda rudimentlərin sayı çoxdur. Bunlardan kor bağırsağın kor çıxıntısını (apendiks), qulaq seyvanı əzələlərini, üçüncü göz qapağını, seyrək tük örtüyünü misal göstərmək olar.