İnsan məməlilər sinfinə daxil olaraq əzələli diafraqmaya, süd vəzilərinə, qulaq seyvanına, ixtisaslaşmış və xüsusi yuvalarda yerləşən dişlərə, plasentaya, üç cüt eşitmə sümüyünə, yeddi boyun fəqərəsinə malikdir. Hissləri ifadə edən mimiki əzələlər yalnız insanabənzər meymunlar və insana məxsusdur.
İnsana morfoloji və anatomik cəhətdən ən yaxın olan heyvanlar insanabənzər meymunlardır. Onların bədən quruluşu, reduksiya olmuş quyruğu, yastı dırnaqları, kəsici, köpək, azı dişlərinin sayı, əldəki baş barmağın digər barmaqlarla qarşılaşması, 12-13 cüt qabırğası, 5-6 oma fəqərəsinin olması insanlara oxşardır. Meymunlar da vəba, vərəm, qarın yatalağı, çiçək, qrip kimi xəstəliklərə tutulur və dörd qan qrupuna malikdirlər. Xromosom aparatında da oxşarlıq mövcuddur. Məsələn, şimpanzedə xromosom aparatındakı nukleotid ardıcıllıqları insanınkına daha çox oxşardır. Lakin bütün insanabənzər meymunların insana oxşarlığı eyni deyil.