İnsanın təkamülü
Mİnsanın əmələ gəlməsi haqqında təzadlı fikirlər mövcuddur. Bu cür fikirlərə müxtəlif xalqların folklorunda, eləcə də adət-ənənələrində rast gəlinir. İnsanın heyvan mənşəli olması haqqında da çoxlu faktlar vardır. Bir tərəfdən insanın ilahi qüvvə tərəfindən yaradıldığını deyənlər, digər tərəfdən isə onun heyvan mənşəli olduğunu sübut etməyə çalışanlar daima öz fikirlərini təsdiq etməyə çalışmışlar. Sizcə bunların hansı düzdür?
Şəkillərə baxın və heyvan skeletində insan skeletinə oxşar xüsusiyyətləri müəyyənləşdirin. Fikirlərinizi əsaslandırın.
İnsanın heyvan mənşəli olmasına dair ilk fikirlər XVII əsrdə meydana çıxmağa başlamışdır. İlk dəfə Karl Linney insanı primatlar dəstəsində yerləşdirmişdir. Jan Batist Lamark insan əcdadının ağacdan yerə düşüb sürü halında yaşayan meymunabənzər heyvanlar olduğunu söyləmişdi. “İnsanın mənşəyi və cinsi seçmə” əsərində (1871) Ç.Darvin insanı təkamül zəncirinin son halqası hesab etmiş və müxtəlif dəlillərlə bunu sübut etməyə çalışmışdır. Onun fikirlərini Fridrix Engels “Meymunun insana çevrilməsində əməyin rolu” əsərində (1896) sübut etmişdir. İnsanın təkamülündə ictimai amillərin həlledici rol oynadığı sonralar öz təsdiqini tapmağa başlamışdır.
• Sizcə, insanın əmələ gəlməsində əməyin xüsusi rol oynadığını alimlər nəyə əsasən söyləmişlər? Fikirlərinizi əsaslandırın.