Orqanizmlər mürəkkəbləşdikcə hüceyrələrin hamısı ətraf mühitlə bilavasitə qazlar mübadiləsi apara bilməmişdir. Onlarda tənəffüs prosesinin getməsi üçün xüsusi orqanlar formalaşmışdır. Bilirsiniz ki, heyvanların bir qismində tənəffüs dəri vasitəsilə gedir. Ancaq zaman keçdikcə canlılarda ətraf mühitdən qorunmaq üçün bədəni örtən və tənəffüsə mane olan bəzi törəmələr yaranmışdır. Bu da onlarda oksigen tələbatını ödəyən orqanların - tənəffüs orqanlarının (qəlsəmələr, traxeyalar, ağciyərlər) formalaşmasına təkan vermişdir. Bu orqanlar bədənin bütün hüceyrələrini oksigenlə təmin edir.
Hüceyrə tənəffüsü eukariot hüceyrələrin mitoxondrilərində oksigenin iştirakı ilə üzvi maddələrin oksidləşməsidir. Hüceyrə tənəffüsü zamanı ayrılan karbon qazı tənəffüs orqanları vasitəsilə orqanizmdən xaric edilir.
Ağciyər və qəlsəmə vasitəsilə tənəffüs edən canlılarda oksigenin hüceyrələrə çatdırılması və karbon qazının xaric olunması qan vasitəsilə həyata keçirilir. Cücülərdə isə bu prosesi birbaşa traxeyalar yerinə yetirir. Çünki cücülərdə qan yalnız qida maddələri və ifrazat məhsullarını daşıyır. Onlarda qan qaz mübadiləsində iştirak etmir. Ağ ciyər və qəlsəmələrdəki qanla ətraf mühit arasında gedən qazlar mübadiləsi nəticəsində arterial qan,, toxuma hüceyrələri ilə qan arasındakı qazlar mübadiləsi nəticəsində isə venoz qan yaranır.
Dəri tənəffüsü nəm dəri vasitəsilə həyata keçirilir. Əsasən, bəzi qurdlarda, amfibilərdə təsadüf olunur. Belə heyvanların əksəriyyəti, əsasən, rütubətli yerlərdə və suda yaşayır. Dərinin nəm qalması selik ifraz edən vəzilərin fəaliyyəti nəticəsində mümkün olur. Nəm dəridə oksigenin kapilyar qan damarlarına keçməsi və karbon qazının damarlardan xaricə çıxması asanlaşır.
Qəlsəmə tənəffüsü olan heyvanların əksəriyyəti qəlsəmələr vasitəsilə suda həll olmuş oksigendən istifadə edir. Bəzi həlqəvi qurdlarda, əksər molyusklarda, xərçəngkimilərdə, neştərçələrdə, balıqlarda qəlsəmələr tənəffüs orqanları hesab edilir. Suda-quruda yaşayanların sürfələri də qəlsəmə tənəffüsünə malikdir.