Heyvanlarda xəbərdarlıqedici rəng, qoruyucu rəng, mimikriya, maskalanmalar idioadaptasiyalara misaldır. İdioadaptasiyalar nəticəsində kiçik taksonomik qruplar - növ, cins, fəsilələr əmələ gəlir. İdioadaptasiyalar növ sayının artmasına, arealın genişlənməsinə, növəmələgəlmənin tezləşməsinə - yəni bioloji tərəqqiyə səbəb olur.
Ümumi degenerasiya. Bu prosesdə orqanizmlərin quruluşu sadələşir, çox vaxt onlarda bəzi orqanlar yoxa çıxır və ya qalıq halında qalır. Degenerasiyaya ən çox oturaq və ya parazit həyat tərzi keçirən orqanizmlərdə rast gəlinir. Parazitizmlə əlaqədar olaraq qurdlarda bir çox orqanlar yoxa çıxmış və ya sadələşmişdir. Məsələn, öküz soliterində həzm, hərəkət, duyğu orqanları yox olmuş, sinir sistemi sadələşmişdir. Parazit qurdlarda bu sadələşmələrə baxmayaraq, çoxalma orqanları güclü inkişaf etmişdir.
Parazit həyat tərzi ilə əlaqədar olaraq qızıl sarmaşıqda yaşıl rəng, kök, yarpaqlar yox olmuşdur. Ancaq onda olan sormaclar bitkinin qidalanmasını təmin edir. Qızılsarmaşıq sürətlə çoxalır. Deməli, ümumi degenerasiya da bioloji tərəqqiyə səbəb olur.
Müasir dövrdə insan bir çox növlərin tərəqqisinə, bir çoxlarının isə tənəzzülünə səbəb olmuşdur. Bunun əsas səbəbi canlı aləmlə onu əhatə edən mühit arasında qarşılıqlı əlaqənin pozulmasıdır. İnsanın cücülərə qarşı istifadə etdiyi kimyəvi maddələrə, bakteriyalara qarşı istifadə etdiyi antibiotiklərə dözümlü formaların yarandığını, çirkab suların axıdılmasının göy-yaşıl yosunların inkişafına səbəb olduğunu yada salın.
Hər bir iri takson, təbii ki, aromorfoz yolu ilə yaranır. Bundan sonra çoxsaylı idioadaptasiyalar baş verir. Təkamüldə degenerasiyaların daha az baş verdiyi məlumdur.